Bahar Muradova: “Məlumatlar həm dövlət, həm də qeyri-dövlət mənbələrdən toplanmalıdır” AÇIQLAMA

Bahar Muradova: “Məlumatlar həm dövlət, həm də qeyri-dövlət mənbələrdən toplanmalıdır” AÇIQLAMA

"Human Rights Watch" və digər bu kimi təşkilatlar Azərbaycana qarşı mövqelərində ikili standartlardan çıxış etməyə davam edirlər və bu mövqelərini dəyişməz olaraq saxlayırlar. Bunu SİA-ya Milli Məclisin sədr müavini Bahar Muradova "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən deyib.

Vitse-spikerin sözlərinə görə, bu təşkilatların dəyişməz mövqeyinə qarşı Azərbaycanın da dəyişməz münasibəti var: "Azərbaycan hökuməti olaraq bu kimi hesabatları və həmin qərəzli məqamları mənfi dəyərləndiririk. Düşünürük ki, hər hansı bir ölkə və ordakı ictimai-siyasi durum haqqında məlumat verən həmin təşkilatlar məlumatları hərtəfli toplamalıdır. Hesab edirəm ki, həmin məlumatlar həm dövlət, həm də qeyri-dövlət mənbələrdən toplanmalıdır. Amma biz hər dəfə bunun əksinin şahidi oluruq. Hər zaman bu informasiyalar ayrı-ayrı qərəzli dairələrin ötürdüyü hesabatların təkrarı olur. Bu kimi hallar həmin təşkilatların səmimiliyinə və obyektivliyinə şübhə oyadırlar. Artıq bu təşkilatlar fəaliyyətlərində və tərtib etdiyi hesabatlarda şübhəli məqamların daha çox olduğunu nəzərə almalıdır. Bu kimi qərəzli hesabatlar tərtib etməklə həmin təşkilatlar özlərinin imiclərinə mənfi təsir göstərirlər. Azərbaycan öz yolu ilə gedərək inkişaf edir. Demokratiya dərinləşir, ictimai-siyasi sabitlik höküm sürür. Azərbaycanda çox dinamik bir inkişaf var. Bu kimi hesabatların bizi yolumuzdan döndərəcəyinə heç kim inanmır. Azərbaycan hökuməti olaraq real həyatda mövcud olan tənqidi məqamları nəzərə alırıq. Obyektiv olmayanları isə açıq şəkildə deyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə