Ulu öndərin 90 illiyi Küveytdə qeyd olunur

Ulu öndərin 90 illiyi Küveytdə qeyd olunur

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, həmin tədbirlər çərçivəsində Əl-Küveyt şəhərində Ulu öndərin əziz xatirəsinə həsr olunmuş at yarışı və stend atıcılığı üzrə turnirlər uğurla keçirilib, Küveytin ən nüfuzlu və geniş oxucu kütləsinə malik "Əl-Ray" qəzetinin 08 may tarixli sayında Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevin geniş məqaləsi dərc olunub.

Məqalədə Ümummilli liderin nəsillərə örnək olan zəngin həyat yolu, və fəaliyyəti, müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub-saxlanması, Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısının alınmasında oynadığı mühüm rolu, həmçinin uğurlu neft strategiyası geniş şəkildə işıqlandırılıb.

Yazıda Ümummilli lider tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilib.

Məqalədə Azərbaycanın İslam və ərəb dövlətləri ilə münasibətləri, həmin əlaqələrin qurulması və inkişafında Ümummilli liderimizin böyük rolu xüsusilə qeyd olunub.

Küveytin digər nüfuzlu mətbu orqanı "Əl-Vasat" qəzetində dərc etdirilmiş "Azərbaycan iqtisadiyyatının qurucusu Heydər Əliyevin anadan olmasının 90 illiyi" adlı məqalədə o dövrlərdə böhran vəziyyətində olan ölkəmizin Ulu öndərin rəhbərliyi altında qısa zaman ərzində regionun və ümumiyyətlə dünyanın iqtisadi cəhətdən qüdrətli dövlətlərindən birinə çevrildiyi vurğulanır.

May ayının 9-da Küveytin "Səlva Əl-Sabah" konfrans və konsert zalında isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş sərgi keçiriləcək. Sərgidə Ulu öndərin şanlı və şərəfli həyat yolunu əks etdirən sənədli filmlərlə yanaşı, dahi şəxsiyyətin xarici ölkə başçıları ilə görüşlərini, nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışlarını, ölkənin genişmiqyaslı inkişafında rolunu özündə əks etdirən fotoşəkillər və haqqında yazılan kitablar nümayiş etdiriləcək.

Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ulu öndərin zəngin həyat yolunu, vətəni və xalqı naminə əvəzsiz fəaliyyəti haqqında ərəb dilində internet səhifəsinin hazırlanması da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə