Əli Həsənov: "Azərbaycan beynəlxalq aləmdə sabit və qüdrətli bir dövlət kimi yer tutub"
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali təhsil müəssisəsinin nəşri olan "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilib.
Mərasimi açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov bu günlərdə dünyanın müxtəlif yerlərində müstəqil dövlətimizin qurucusu, Azərbaycanın XX əsrdə yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin böyük ruh yüksəkliyi ilə qeyd edildiyini, Ulu Öndərin xalq, Vətən qarşısındakı xidmətlərinin bir daha xatırlandığını, əziz xatirəsinin dərin ehtiramla yad olunduğunu diqqətə çatdırıb.
Ümummilli Liderin irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirən U.Ələkbərov Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, onun böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini söyləyib.
Bildirilib ki, DİA-nın nəşri olan "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalında əsasən dövlət idarəçiliyinin səmərəliliyi, idarəetmə sistemində elm və inkişafın planlaşdırılması, davamlı inkişaf, ekoloji sivilizasiya və s. bu kimi mövzular prioritet təşkil etməkdədir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının xüsusi buraxılışının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Əli Həsənov Ümummilli Liderin əvəzolunmaz xidmətlərindən söz açaraq Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə həkk olunan Heydər Əliyev irsinin hər bir azərbaycanlı üçün daim öyrəniləsi bir məktəb olduğunu bildirib.
Prezident Administrasiyasının şöbə müdiri bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb, Azərbaycanın beynəlxalq aləmdə sabit və qüdrətli bir dövlət kimi yer tutduğunu deyib.
Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Adel Mohammad Adaileh və digər çıxış edənlər də bütün dünyada tanınan görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, Vətəninə həsr etmiş Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində, müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında misilsiz xidmətlərindən danışıb, böyük xilaskarlıq rolunu vurğulayıblar. Ulu Öndərin 90 illiyi ərəfəsində jurnalda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş məqalələrin elmi əsaslanmalarının əhəmiyyəti vurğulanıb, elmi-akademik dairələr, tədqiqatçılar, dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc kadrlar üçün dəyərli mənbə olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB