Prezident İlham Əliyev: "Ermənistanın təcavüzkar siyasəti hələ də davam edir"

"Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyi bölgədə əlaqələrin daha da genişləndirilməsinə başlıca əngəldir"
Prezident İlham Əliyev: "Ermənistanın təcavüzkar siyasəti hələ də davam edir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva I Cənubi Qafqaz Forumunun rəsmi açılış mərasimində iştirak ediblər. SİA-nın məlumatına görə, tədbir iştirakçılarını salamlayan Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə belə mötəbər tədbiri Azərbaycanda təşkil etdiyinə görə Madrid Klubuna təşəkkürünü bildirib.

XX əsrin əvvəllərində müstəqilliyini qazanan, Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verən Azərbaycanın 70 il Sovet İttifaqının tərkibində olduqdan sonra ötən əsrin axırlarında yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ötən müddətdə keçdiyi tarixi yoldan danışıb. Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını bildirib və bu baxımdan beynəlxalq təşkilatların effektivliyi məsələsinə toxunub.

Cənubi Qafqazda Azərbaycanın və Gürcüstanın münasibətlərini regional əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyinin, işğalçılıq siyasətindən əl çəkməməsinin bölgədə əlaqələrin daha da genişləndirilməsinə başlıca əngəl olduğunu vurğulayıb.

Prezident İlham Əliyev müstəqillik dövründə Azərbaycanın böyük uğurlar qazandığını, son 10 ildə ümumi daxili məhsulun 3 dəfə artdığını, yoxsulluğun 50 faizdən 6 faizə, işsizliyin isə 5 faizə endiyini deyib, əhalinin maddi rifah halının yaxşılaşdığını, özəl bölmənin iqtisadiyyatda həlledici mövqe qazandığını bildirib. Dövlətimizin başçısı beynəlxalq reytinq agentliklərinin dünyada maliyyə böhranının hökm sürdüyü bir zamanda Azərbaycanın iqtisadi reytinqini artırdıqlarını, Davos Forumunun ölkəmizin rəqabətliliyini yüksək qiymətləndirdiyini deyib.

Respublikamızın iqtisadiyyatında keçid dövrünün başa çatdığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanda qeyri-neft sektorunun daha da inkişafı, şaxələndirmənin və müasir texnologiyaların tətbiqinin xüsusi diqqətdə saxlandığını bildirib. Dövlətimizin başçısı "Azərspace-1" peykini kosmosa buraxan Azərbaycanın kosmos sənayesinin yaradılması istiqamətində növbəti tədbirləri həyata keçirdiyini deyib. Neftdən gələn gəlirləri insan kapitalına yönəldən respublikamızın hasilatçı, istehlakçı və tranzit ölkələr arasında nümunəvi regional əməkdaşlıq formatı qurduğunu deyən Prezident İlham Əliyev dövlətimizin fəal xarici siyasət yürütdüyünü vurğulayıb. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsini respublikamızın müstəqillik illərində apardığı məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi və ölkəmizin qlobal arenada oynadığı rolun konkret nümunəsi kimi dəyərləndirib. Azərbaycanda daim multikulturalizmin hökm sürdüyünü və bu baxımdan ölkəmizin təcrübəsinin nümunə olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq səviyyədə qarşılıqlı anlaşma və dözümlülüyə nail olunmasının vacibliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə