Parlamentin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi iclas başa çatıb YENİLƏNİB
Bu gün Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə başlayan iclasın gündəliyinə 2 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır:
1. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi.
2. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi.
İclasda ilk çıxış edən parlamentin sədri Oqtay Əsədov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən parlament tarixindəki rolu xə xidmətləri haqqında geniş məruzə ilə çıxış edib.
Oqtay Əsədov: "Azərbaycanın inkişafının 30 illik tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır"
Sədrin məruzəsində deyilir: "Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yetişdirir. Ancaq elə şəxsiyyətlər də var ki, zamanın fövqünə yüksələrək, yaşadıqları dövrün xarakterik cizgilərini müəyyən edirlər. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Onun xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, vətən yolunda fədakarlığının parlaq nişanəsidir.
Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısı vaxtında, qətiyyətlə alınırdı. SSRİ-nin 1977-ci ildə qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı.
Onlar İttifaq rəhbərliyindəki havadarlarının köməyi ilə Dağlıq Qarabağın statusu məsələsini ortaya atmağa çalışırdılar. Yalnız Ümummilli lider Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı.
Ulu Öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi.
Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü özündən əvvəlki dövrlə müqayisə edəndə tam aydın olur ki, etibarlı siyasi rəhbərlik amili hər bir cəmiyyət və dövlət üçün nə qədər böyük həyati əhəmiyyətə malikdir. Tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq mümkün olmazdı. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri kimi fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi.
Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilib. Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə dəstələrdən ibarət idi. Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu.
Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı. Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü oldu. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı.
Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Ulu Öndər parlamentə daim böyük diqqət və qayğı göstərib. Heydər Əliyev mümkün olmayanı edə bildi, məhvə məhkum olan dövləti qoruyub yaşatdı və xalqımıza ərməğan etdi. Əminəm ki, Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim var olacaq, ulu öndərin dediyi kimi, "əbədiyyətə qədər yaşayacaq".
Fəttah Heydərov: "Ulu Öndər ölməzdir, yenə də bizimlədir
Daha sonra millət vəkili Fəttah Heydərov Ümummilli lider Heydər Əliyev haqqında öz fikirlərini bölüşdü. Onun sözlərinə görə, Azərbaycan məhz Ulu Öndərin Heydər Əliyevin 80 illik ömrünü həsr etdiyi böyük ideyaların həyata keçirilməsi nəticəsində inkişaf etməyə başlayıb. Ölkəmizin tarixinə müraciət etdikdə görürük ki, dünya dövlətlərinin içərisində ən görkəmli şəxsiyyətlərdən biri məhz Ümummilli lider Heydər Əliyev olub".
O bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu yalnız Azərbaycan xalqının yaxşı yaşaması üçün çalışıb: "Ümummilli lider Heydər Əliyev yolu xalqımız üçün ən işıqlı yoldur. Hələ sovetlər dönəmində dahi şəxsiyyət bugünkü müstəqilliyimizin əsaslarını qoyub. Ermənilər o dönəmdə Azərbaycan torpaqları ilə bağlı arzularını həyata keçirə bilmədilər. Gəlin, Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz Azərbaycanı müqayisə edək. O, Azərbaycanda olmayanda torpaqlarımızın 20 faizini itirib, Xocalı faciəsini yaşamışıq. Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf edib, dünya dövlətləri arasında layiqli yer tutub".
Fəttah Heydərov qeyd edib ki, bu mübarizə Ümummilli liderimizin səhhətinə təsirsiz ötüşməyib: "Bu gün dahi şəxsiyyət Heydər Əliyevin yolunu varisi, əziz övladı İlham Əliyev davam etdirir. Ulu Öndər ölməzdir, yenə də bizimlədir".
Arif Rəhimzadə göz yaşlarına sahib ola bilmədi
Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan iclasında çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də görkəmli dövlət xadiminin gördüyü işlərdən, Azərbaycan xalqına xidmətlərindən danışıb.
Heydər Əliyevin Azərbaycanın böhranlı vəziyyətində həmişə xilaskar missiyasını yerinə yetirdiyini söyləyən A.Rəhimzadə deyib ki, o, həmişə bu və ya digər qərarı qəbul etməzdən öncə hər kəsi dinləyib, təklifləri öyrənib: "Heydər Əliyevin rəyi həmişə həlledici olurdu. Mülahizələrini tutarlı dəlillərlə əsaslandırması nəticəsində, sonda hər kəs Heydər Əliyevin qərarı ilə razılaşırdı. Ən məsuliyyətli və çətin qərarları təkbaşına qəbul edirdi. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümlülüyü yox idi. Təşəbbüskarlığı və mütərəqqi ideyaları dəstəkləyirdi. Əldə olunan uğurlara görə sevinirdi".
Heydər Əliyevin güclü rəhbər kimi hər kəs tərəfindən qəbul edildiyini bildirən A.Rəhimzadə qeyd edib ki, məhz bu səbəbdən 1993-cü ildə bir zaman onun əleyhinə səs verən deputatlar da onun qayıdışına səs veriblər: "Heydər Əliyevin bir çağırışı kifayət idi ki, heç bir təşkilatlanma olmadan insanlar meydana çıxıb onu müdafiə etsinlər. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd zamanı on minlərlə insan Prezident Administrasiyasının qarşısına axışaraq onu müdafiə etdi. 1993-cü ildə Heydər Əliyevin qayıdışı millətin şərəf və ləyaqətini xilas etdi. Dövlətçiliyin əsasları qoyuldu, uğurlu sosial-iqtisadi siyasət həyata keçirildi".
Qeyd edək ki, komitə sədri Arif Rəhimzadə çıxışında göz yaşlarına sahib ola bilməyib.
Əli Əhmədov: "Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var"
Yeni Azərbaycan Partiyasının Sədr müavini- icra katibi Əli Əhmədov isə tarixi şəxsiyyətlərin millətin gücünü, əzəmətini göstərdiyini vurğulayıb: "Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var. Hər il Heydər Əliyevin anadan olmasının ildönümü xalq sevgisi və böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin ideyaları bu gün də Azərbaycan xalqına xidmət edir. Tarixi şəxsiyyətlər xalqın gücünü göstərir. Azərbaycan xalqının tarixdə yetişdirdiyi ən böyük şəxsiyyətlər sırasında Ulu Öndərin xüsusi yeri var. Azərbaycan xalqı, dövləti Heydər Əliyevin bu xidmətlərini həmişə yüksək qiymətləndirib. Azərbaycanın müasir tarixinin böyük hissəsi onun adı ilə bağlıdır. Heydər Əliyev sadəcə tarix deyil, daha çox müasirlikdir. Onun məfkurəsi arasında azərbaycançılıq xüsusi yer tutur".
Mehriban Əliyeva: "Heydər Əliyev bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi"
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisin bugünkü iclasında amnistiya aktı ilə bağlı çıxış edib. Millət vəkili Mehriban Əliyeva çıxışında bildirib ki, bir neçə gündən sonra dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi qeyd ediləcək.
Onun sözlərinə görə, böyük siyasətçi, müasir dövlətin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi, gördüyü nəhəng işlərlə yaşayacaq: "Ulu Öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o xeyirxah, mərhəmətli, humanist insan olub. Adi insanlarla münasibətdə o çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətszilik, satqınlıq xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti seçilərkən həmin insanların böyük əksəriyyətini bağışladı. Bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi".
"Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində bağışlamaq aktıdır. Qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. Əziz dostlar mən inanıram ki, bağışlamaq, xoş niyyət və mərhəmətlə bu dünyada bir çox məsələləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları olub. Qərarda 9000 min şəxs bu aktın təsirinə düşüb. Lakin onlardan 2000-dən çoxu azadlığa buraxılacaq. Ümidvaram ki, həmin insanlar öz səhvlərini dərk edib gələcəkdə belə addımlar atmayacaqlar",- deyə millət vəkili fikirlərinə əlavə edib.
Əli Hüseynli: "Azərbaycan cəza çəkən məhkumların say göstəricisinə görə Avropa ölkələri ilə bir sıradadır"
"Amnistiya aktının Heydər Əliyev Fondu tərəfindən təqdim olunması cəmiyyət tərəfindən alqışlanır. Çünki bu gün insanların düşüncəsində Heydər Əliyev irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil. Çünki məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya kimi təsisatları onların öz mahiyyətinə uyğun bərpa etdi". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycanda ölüm cəzasının sonuncu dəfə icrası 1992-93-cü illərdə həyata keçirilib: "Təəssüf ki, həmin vaxt heç bir amnistiya qərarı olmadan 700-ə yaxın ağır cinayət törətmiş şəxsin azadlığa buraxılması ilə yadda qalıb. Heydər Əliyev isə bu siyasəti elə balanslaşmış şəkildə həyata keçirdi ki, həm cinayətkarlığa qarşı mübarizə aparıldı, həm də cinayət törətmiş şəxslər azad olundu, nəticədə cəmiyyətdə sabitlik yarandı".
Ə.Hüseynli deyib ki, Azərbaycanda sonuncu amnistiya qərarı da 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul olunub: "Artıq uzun illərdir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə nisbətən cəza çəkən məhkumların say göstəricisinə görə keçmiş sovet respublikalarını qabaqlayıb, Şərqi Avropa və Avropa ölkələri ilə bir sıradadır. Bu amnistiya qərarından sonra 9 min nəfərə yaxın şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilir. Bu, məhkumların ümumi sayının təxminən 1/3-dir".
Qeyd edək ki, çıxışların sonunda amnistiya aktı 114 səslə qəbul edilib. Amnistiya aktı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil edilib. Sənəddə qeyd olunub ki, Amnistiya aktı təxminən 9000 şəxsə şamil ediləcək. Bunlardan 2000-dən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.
Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB