Eynulla Fətullayev: "Xədicə İsmayılova əxlaqsızlığın və simasızlığın zirvəsidir" MÜSAHİBƏ
İnsan Haqları Uğrunda Təşkilatın sədri Eynulla Fətullayevin Səs TV-yə müsahibəsi:
- Xədicə İsmayılovanın yayımlanan son videosunda o birbaşa olaraq sizi ittiham etdi. Bu sizə qarşı olan kinin və küdurətin bariz nümunəsi sayıla bilərmi?
- Bu əxlaqsızlığın və simasızlığın bir zirvəsidir. Biz ümumbəşəri dəyərləri qəbul edirik. Lakin bizim milli dəyərlərimiz və əxlaqımız bütün dəyərlərdən üstündür. Mən onun şəxsi həyatını buraxıram onun öz öhdəsinə, lakin bu qadın, bütün çərçivələri pozaraq öz həmkarını ittiham edir. Yəni, Eynullanın işi-gücü qurtarıb, bu insanın bir işi qalıb ki, kameranı götürüb Xədicə İsmayılovanı izləsin. Mən onun bu mövqeyinə təəssüf edirəm. Xədicə İsmayılova kimi insanlar bizim milli kimliyimizə bir ləkədir.
- Belə qərara gəlmək olar ki, Xədicə İsmayılovanın sizə qarşı sürdüyü ittihamların arxasında işlədiyi yerin - Azadlıq radiosunun tapşırığı dayansın?
- Mən belə düşünmürəm. Çünki Azadlıq radiosu kifayət qədər böyük kooperasiyadır və öz dəyərləri var. Çox hallarda Xədicə İsmayılova Azadlıq radiosunun da dəyərlərini pozur. Onun apardığı verilişlər, alternativ fikirə dözümsüzlük bu göstəricilərdəndir. Jurnalist hər hansısa bir verilişdə moderator rolunu oynayır, o, bu müddətdə cəmiyyəti düşündürən problemlərə toxunmalıdır. Xədicə İsmayılova isə efirdə özünü tərəf müqabili kimi görür və elə təqdim edir. Əfsuslar olsun ki, o, bütün normaları pozur, qışqırır, insanlara hücum edir. Məgər, bu jurnalistikadır? Bu bir başa Azadlıq radiosunun prinsiplərinə ziddir. Mən bu barədə radionun üzvlərinə dəfələrlə müraciət etmişəm, lakin heç bir nəticə yoxdur. Hesab edirəm ki, Azadlıq radiosu bu məsələ ilə bağlı tədbir görməlidir. Jurnalistin siyasi mövqeyi olmamalıdır, əgər varsa, deməli o, öz müstəqilliyini itirib. Əgər jurnalist aksiyalara iştirakçı qismində çıxırsa deməli artıq, o, jurnalist deyil, siyasi fəaldır.
- Müxalifət partiyalarının keçirdiyi aksiyalarda sosial bazanın əsas hissəsini jurnalistlər təşkil edir. Bu təəccüb doğuran məqam deyilmi?
- Əlbəttə, mən sizinlə razıyam. Mitinqlərdə kütlənin əsas hissəsini məhz jurnalistlər təşkil edir. Fikrimcə, Azərbaycanda azad və müstəqil mətbuat formalaşmaqdadır. Bu formalaşmanın yaranması üçün isə Azərbaycan höküməti hər bir vasitə ilə çalışır. "Azadlıq" qəzeti kimi radikal, müxalif yönümlü, bəzi hallarda çox sərt tənqidə üz tutan qəzet, hər il dövlətdən 100 min həcmində vəsait alır. Sizcə, belə avtoritarizm və totalitarizm olar? Çox təəssüflər olsun ki, bu faktları cəmiyyətə çatdırmırlar. Gürcüstan istisna olmaqla, heç bir MDB ölkəsində hökümət aparıcı müxalifət qəzetlərinə Azərbaycanda olduğu kimi fantastik məbləğdə vəsait vermir.
- Bu qəzetlərin siyasiləşməsinin başlıca səbəbi kimi onların təsisçilərinin birbaşa Əli Kərimli kimi şəxslərin olması göstərilə bilərmi?
- Mən sizinlə razıyam. Azərbaycanda digər ölkələrindəki kimi, istər hökumət yönümlü, istər müxalifət yönümlü qəzetlər siyasi nəzarət altından çıxmalıdır. Doğrudur, hesab edirəm ki, Azərbaycan kimi hələ yetkin siyasi ənənələrə malik olmayan cəmiyyətlərdə də xaotik proseslər yaşana bilər, amma ən azı qəzetlərə siyasi nəzarət olmamalıdır. Bu səhv yanaşmadır.
- Fikrimcə, sizin daha çox ittiham hədəfinə çevrilməyiniz müxalifət qütbündən ayrılmağınız və müstəqil mövqe nümayiş etdirməyiniz olub. Sizin arzuolunmaz şəxs hesab edilməyinizə bu səbəb ola bilərmi?
- Mən heç vaxt heç bir müxalifət partiyasının üzvü olmamışam. Mən hakimiyyəti tənqid etmişəm. Bu gün də tənqid edirəm. Lakin heç şübhəsiz ki, bununla yanaşı müxalifəti də tənqid etmişəm, edirəm və edəcəyəm də. Mən həbs olunmazdan da əvvəl müxalifətdən bildirilirdi ki, mən güya hakimiyyətə işləyirəm. Çünki müxalifəti tənqid edəkdə dərhal bu kimi ittihamlarla üz-üzə qalırdım. Hazırda çox paradoksal bir vəziyyətdir. Belə ki, hakimiyyət daha dözümlü və tolerantdır, nəyin ki, müxalifət. Halbuki, bu vəziyyət əksinə olmalıdır. Çünki Azərbaycanda özünü liberal və demokratik olaraq müxalifət təqdim edir. Avropa dəyərlərinin başlıca prinsipi məhz dözümlülük və tolerantlıqdır. Burada isə tam dözümsüzlük və tolerantsızlıqdır.
- AXCP-ni daha çox müşayət edən fakt gənclərdən istifadə olunaraq xalq və dövlət əleyhinə olan bəyanatların sosial şəbəkələrdə yayılmasıdır. Bununla da onlar cəmiyyətin diqqətini özlərinə yönəltməyə çalışırlar. Bu gənclərin haqlarının o, partiya rəhbərləri tərəfindən birbaşa pozulması kimi dəyərləndirmək olar?
- Azərbaycanda yeni siyasi sistem formalaşmaqdadır. Təbii ki, burada qüsurlar, çətinliklər, problemlər və tənqid etdiyimiz bir çox məqamlar da var. Lakin ümumilikdə bu yeni siyasi sistem formalaşıb. Və cəmiyyətin bütün siqmentləri azad cəmiyyətdə və azad dövlətdə siyasi proseslərə cəlb oluna bilər. Bu gün Azərbaycanda sosial şəbəkələr vasitəsilə gəncləri və əhalinin digər yaş qrupları üzrə təbəqələrini fəal siyasi proseslərə cəlb etmək cəhdləri var. Lakin, bu cəhdlər nə dərəcədə uğurlu olur? Bu il prezident seçkiləri keçiriləcək və bu məsələ hakimiyyət üçün deyil, müxalifət üçün taleyüklü məsələdir. Çünki müxalifət hər seçki ilində uduzur, bundan başqa hər il onların sıralarından tərəfdaşları azalır və potensialları tükənməkdədir. Rusiyada seçkilərə 6-7 ay qalmış 100 minlərlə insan meydanlara axın edib, mitinqlərə başlamışdı. Lakin Azərbaycanda 2-3 mindən çox insan meydanlara çıxmır. Əgər xalq hakimiyyətin idarəçiliyi altında yaşamaq istəmirsə, bunun qarşısını heç bir hüquq-mühafizə orqanı, heç bir hakimiyyət, ümumilikdə isə heç kəs ala bilməz. Tarix hələ ki, bunun əksinin şahidi olmayıb. Ona görə də əgər, Azərbaycanda kütləvi narazılıq və etiraz varsa, bu özünü biruzə verməlidir. Əgər belə bir etiraz varsa onda niyə insanlar küçələrə, meydanlara çıxmır?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB