Hikmət Babaoğlu: “İctimai rəy ikiüzlülüyü və riyakarlığı qəbul etmir”

Hikmət Babaoğlu: “İctimai rəy ikiüzlülüyü və riyakarlığı qəbul etmir”

"Azərbaycan cəmiyyətinə çoxdan məlumdur ki, Qərbdə baş verən proseslərə yanaşma ikili və ya çoxstandartlıdır". Bu sözləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Avropa İttifaqının (Aİ) bir qrup deputatının işğal olunmuş torpaqlarımıza icazəsiz səfərlərinə münasibət bildirərkən deyib.

H.Babaoğlunun sözlərinə görə, bu addım məhz həmin məzmunu ifadə edən addımlardan biridir: "Fərd olaraq hər bir azərbaycanlı Avropa İttifaqının bir qrup deputatının işğal olunmuş torpaqlarımıza icazəsiz səfərlərini pisləyir. Əgər Qərb bu günə qədər orta statistik azərbaycanlının siyasi təfəkküründə formalaşmış obrazını saxlamaq istəyirsə, bu cür addımlardan geri çəkilməlidir. Çünki ictimai rəy belə çoxstandartlı mövqeni, ikiüzlülüyü, riyakarlığı qəbul etmir. Ona görə də Qərb doğurdan da Azərbaycan və onun kimi ölkələrdə uzun müddətli prespektivlər, strateji əməkdaşlıq qurmaq istəyirsə, bu cür addımlardan çəkinməlidir".

Politoloq vurğulayıb ki, Qərb dəyərlərində bu gün aşınma baş verir: "Məlumdur ki, Qərb dəyərlərində islamofobiya, iklili standartlılıq mövcuddur. Belə olan halda Qərb öz taleyi haqqında fikirləşməlidir. Ya insanlara təqdim etdiyi həmin dəyərlərə sadiq qalmalıdır, ya da dünyanı idarə etmək iddialarından əl çəkməlidir. Hesab edirəm ki, bu addımlar aparıcı Qərb institutları tərəfindən də tənqid olunmalıdır. Beynəlxalq hüquq, konkret beynəlxalq standartlar varsa, bu hamı üçün keçərli olmalıdır. Birmənalı şəkildə atılan addımlar beynəlxalq hüququn məzmununu ifadə etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə