Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İran xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən 30 aprel 2013-cü ildə Təbrizə səfər zamanı həbs edilən Azərbaycan vətəndaşı, yazar, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Türk Xalqları Ədəbiyyatı şöbəsinin elmi işçisi Xalidə Xalidin azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.
Təşkilatın İrandakı mənbələrdən əldə etdiyi bilgiyə görə, Xalidə Xalid ədəbiyyat və mədəniyyətlə bağlı tədbirdə iştirak etmək üçün Təbriz şəhərinə dəvət edilib. O və daha 6 nəfər dəvət edən tərəfin – Oqtay Rəşidi adlı İran vətəndaşının atasının evində olarkən ETTELAAT məmurları tərəfindən həbs edilib. İran xəfiyyələri evdə axtarış apararaq kompüter və ədəbiyyat nümunələrini də müsadirə ediblər.
Hələlik Xalidə Xalid və digərlərinin harada saxlandığı haqqında bilgi yoxdur.
CASCFEN İran fanatik molla rejiminin bir qayda olaraq qondarma bəhanələrlə Azərbaycan Respublikası vətəndaşlarını və İran Azərbaycanlılarını həbs etmə praktikasına əsaslanaraq dünya ictimaiyyətini mümkün qədər tez hərəkətə keçməyə, Xalidə Xalidin və digərlərinin həbsdən azad edilməsi üçün təzyiq etməyə çağırır.
Yeri gəlmişkən, bu, İran molla rejiminin Azərbaycan Respublikası vətəndaşı olan yazarları həbs etməsi ilə bağlı ilk hal deyil. Düz bir il öncə iki Azərbaycanlı gənc şair – Fərid Hüseyn və Şəhriyar Hacızadə də İran tərəfindən dəvət edildikləri bir poeziya tədbiri üçün getdikləri Təbriz şəhərində həbs edilmişdilər. Onlar 29 aprel 2012-ci ildə gəldikləri Təbrizdə 4 gün sonra İran xüsusi xidməti olan ETTELAAT xəfiyyələri tərəfindən "uyuşdurucu daşımağa görə", həbs edilmişdilər. Daha sonra isə hər iki gənc "İsrailin xeyrinə casusluq etdikləri üçün" ittihama məruz qalmışdılar. Lakin beynəlxalq ictimaiyyətin və Azərbaycan hökumətinin basqıları sonucu hər iki gənc azad edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB