“Nabukko sonrası: "Cənub Qaz Dəhlizi və Avropa Enerji Təhlükəsizliyində yeniliklər”
ABŞ-da səfərdə olan SAM-ın nümayəndə heyəti Vudru Vilson Beynəlxalq Mərkəzində (Woodrow Wilson International Center) "Nabukko sonrası: Cənub Qaz Dəhlizi və Avropa Enerji Təhlükəsizliyində yeniliklər" mövzusunda konfrans keçirib. SAM-dan SİAya verilən məlumata görə, Konfransda SAM-ın direktoru Fərhad Məmmədov "Region və Cənub Dəhlizinə Strateji Baxış", millət vəkili Asim Mollazadə "Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər", İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva "TANAP/Şah Dəniz/Nabukko Qərb/TAP-da xüsusi yenilənmə" mövzularında çıxış ediblər.
Tədbirdəki çıxışı zamanı Fərhad Məmmədov bildirib ki, "Energetika problemləri bütün dünyada olduğu kimi, Azərbaycanda da aktuallığını saxlamaqdadır: "İş elə gətirib ki, bu gün "Azərbaycan" dedikdə neft, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yada düşür. Energetika, xüsusilə neft amili son 160 ildə Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həlledici rol oynamaqdadır. Bununla belə, yalnız 22 il bundan əvvəl, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin zəngin təbii ehtiyatları dövlətimizin sərvətinə çevrilmiş və onun inkişafına yönəldilib".
SAM-ın direktoru bildirin ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın Neft Strategiyasının əsas konturları və mərhələləri müəyyən edilib: "İlk dövrdə dövlətin qarşısında duran əsas vəzifələr ölkədə ictimai-siyasi sabitliyin bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə atəşkəs rejiminin əldə edilməsi və xarici ölkələrdən dəstək alan silahlı müxalifətin neytrallaşdırılması olub.. Strategiyanın ikinci mərhələsi Xəzər dənizin dərin qatlarındakı neft yataqlarında kəşfiyyat işlərinin aparılması və neftin nəql olunması ilə əlaqəli idi. Bu vəzifələrin icrası üçün Azərbaycan o dövrdə kifayət qədər istehsal gücünə və mükəmməl texnologiyalara malik deyildi. Məhz Əsrin Müqaviləsinin imzalanması nəticəsində bu məsələ öz həllini tapmış, Azərbaycana həcmi milyard dollarlarla ölçülən sərmayələr qoyulmuş, müasir istehsal texnologiyalarının tətbiqinə başlanılıb. 1994-cü ildən sonra Neft Strategiyasının üçüncü mərhələsini həyata keçirilməsinə – neftin dünya bazarına çıxarılması üçün diversifikasiya marşrutlarının formalaşdırılmasına başlanılıb. Bu zaman əsas vəzifə başqalarının irəli sürə biləcəyi ağır şərtlərdən asılılığı aradan qaldırmaq məqsədilə bir marşrutla kifayətlənməmək və boru kəmərinin tam hüquqlu sahibi olmaq idi. Azərbaycan buna 2005-ci ilin may ayında – Bakı-Tiflis-Ceyhan boru kəməri istismara buraxılandan sonra nail oldu. Belə ki, 2006-cı ilin iyun ayının 1-dən cari ilin aprelin 1-dək ölkədən 212 milyon 795,576 ton neft ixrac edilib. İxrac marşrutlarının müəyyən edilməsindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ neftin ən yüksək qiymətlə satışa çıxarılması və əldə edilən maliyyə vəsaitinin toplanması üçün şəffaf strukturun yaradılması idi. Bu məqsədlə 2001-ci ildə Dövlət Neft Fondu təsis edilib.. İlk dövrlərdə fondun aktivləri 270 milyon ABŞ dolları olduğu halda, hazırda 34,325 milyard dollara çatdırılıb".
Eyni zamanda Fərhad Məmmədov qeyd edib ki, Cənub Enerji Dəhlizinin formalaşmasında əhəmiyyətli mövqeyə sahib olan Azərbaycan öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməkdədir: "Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bildirib ki, ölkəmiz etibarlı tərəfdaş olduğunu öz işi ilə sübuta yetirib. Azərbaycan 1994-cü ildə imzalanmış müqavilənin bütün şərtlərinə əməl etməklə yanaşı, özünün milli maraqlarını təmin edir və tərəfdaşları ilə əlaqələri genişləndirir".
Bundan başqa SAM direktoru vurğulayıb ki, dövlətimiz enerji siyasətində siyasi amilləri minimuma endirilməsinin vacibliyinə həmişə xüsusi önəm verib: 2012-ci ildə TANAP boru kəməri çəkilişinə dair Azərbaycan və Türkiyənin birgə təşəbbüsü bu mövqenin bariz nümunəsidir. Qeyd edək ki, həmin təşəbbüs Nabukko layihəsinin reallaşdırılması ətrafında illər uzunu davam edən və nəticəsiz qalan müzakirələrdən sonra irəli sürülüb. Xatırladaq ki, Nabukko layihəsində maraqlı olan tərəflərin heç biri onun həyata keçirilməsi istiqamətində əməli fəaliyyət göstərməmiş, məsuliyyəti öz üzərinə götürməkdən çəkinib. Azərbaycanın bu addımı onun Neft Strategiyasından irəli gələn mərhələli vəzifələrin – neft və qazın dünya bazarına çıxarılması və konkret ünvana, istehlakçıya çatdırılmasının məntiqi davamıdır. O da aydındır ki, ənənəvi olaraq "neft ölkəsi" adlandırılan Azərbaycan yaxın gələcəkdə qaz ixracatçısına, perspektivdə isə neft və qazın Mərkəzi Asiyadan Avropaya nəql edilməsində geniş infrastruktur şəbəkəsinə malik tranzit dövlətə çevriləcəkdir".
Konfransın sonunda mühazirəçilər iştirakçıların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB