Hərbi hissədə "Valideyn günü" keçirilib

Hərbi hissədə "Valideyn günü" keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax rayonu ərazisindəki "N" saylı hərbi hissəsində "Valideyn günü" keçirilib. SİA xəbər verir ki, qonaqlar çay süfrəsi arxasında əsgərlərlə görüşdükdən sonra hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar. Hərbi hissənin komandiri polkovnik leytenant Ramin Bağırov qeyd edib ki, valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsində, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılmasında tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısından, DSX-də gedən inkişafdan və əldə edilən uğurlardan danışıb.

Daha sonra bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə ötən ilin oktyabrında DSX-nin Yevlax rayonunda yerləşən hərbi hissəsi sərhədçilərin istifadəsinə verilib. Müasir tələblərə cavab verən hərbi hissədəki əsgər yataqxanası, əsgər xəstəxanası, yeməkxana, zabit və gizirlər üçün mənzillər, uşaq bağçası və qərərgah binasında hərbi qulluqçular üçün hər cür şərait yaradılmış, hərbi hissə silah və texnika ilə təmin edilib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanı, fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə "Təşəkkür məktubları" təqdim edilib. Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Sonda Yevlax şəhər mədəniyyət evi və hərbi hissənin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə