Ötən gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, iclasda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılmış, ekspertiza xidmətlərinin tariflərinə dair Tarif (qiymət) Şurasının müvafiq qərarına dəyişikliklər edilib.
Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib.
Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmamışdır. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi, 20 qəpik səviyyəsində saxlanılmış, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılmışdır.
Tarif (qiymət) Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilmişdir. Qərara əsasən, sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB