Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB-FOTO

Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB-FOTO

Bu gün "Gülüstan" sarayında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson və digər hökumət nümayəndələri, ziyalılar iştirak edib.

Əvvəlcə qonaqlar "Gülüstan" sarayının foyesində dahi şəxsiyyət Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısına, Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilən xüsusi stendlərdən ibarət sərgi və komitə tərəfindən hazırlanan informasiya-təbliğat materialları ilə tanış olublar və dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında filmə tamaşa ediblər.

Daha sonra tədbir sarayın akt zalında davam etdirilib. Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümummilli lider Heydər Əliyevin münaqişənin həlli, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışaraq, son illər bu sahədə atılan addımlara toxunub. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev möcüzəli şəxsiyyət olub: "Heydər Əliyev 70-ci illərdə Azərbaycanın iqtisadi, siyasi və ideoloji sahələrin bazasını formalaşdırdı, milli kadrların formalaşmasını həyata keçirdi, hərbi təhsilin bazasını yaratdı. Məhz onun dövründə dünya erməniləri Dağlıq Qarabağ məsələsini qabarda bilmədilər, Dağlıq Qarabağda olan separatçı hərəkat zəiflədi. Heydər Əliyev 2003-cü ilədək Dağlıq Qarabağ probleminin beynəlxalq aləmdə tənzimlənməsi üçün kifayət qədər beynəlxalq və milli hüquqi baza yaratdı. Bu gün ölkədə mövcud olan bir milyona yaxın qaçqın və məcburi köçkünlər xalqımızın ümummilli lideri, dünyəvi siyasətçi dünyanın tanınmış şəxsiyyətinə öz hörmət və ehtiramlarını onun qarşıdan gələn 90 illik yubileyinə bu cür ifadə ediblər. Bu gün burada 48 ölkənin səfirləri və diplomatik nümayəndələri iştirak edir, eləcə də bura 41 beynəlxalq hümanitar təşkilat dəvət olunub. Bununla həmin səfirlər təmsil etdikləri dövlətlərin, xalqların dahi şəxsiyyətə olan münasibətlərini canlı şəkildə göstərdilər. Hətta burada elə səfirlər vardır ki, 3-4 yerə dəvət alıblar. Ancaq onlar bura üstünlük verdilər. Bununla onlar bir daha nümayiş etdirdilər ki, doğurdan da ölkəmizin bu gün prioritet və bir nömrəli problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemidir. Ulu öndər Heydər Əliyev fəaliyyət göstərdiyi dövrdə bu problemə xüsusi diqqət və qayğı göstərib, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünyaya tanıdılmasında xüsusi zəhməti olub. Dahi şəxsiyyət eyni zamanda bu məsələ ilə bağlı geniş miqyaslı iş aparıb və bütün beynəlxalq qurumlarda bu problemin vacib məsələ olmasını dilə gətirib. Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Çox qısa müddətdə ölkə prezidenti İlham Əliyev dahi şəxsiyyətin tövsiyələrini kifayət qədər ləyaqətlə və layiqincə icra edib. Hazırda Prezident İlham Əliyev də bu bazanın əsasında işi davam edir. 2003-cü ildə Azərbaycanın müasir dövrü, İlham Əliyev dövrü başladı. İlham Əliyev Azərbaycanı sürətli inkişaf edən ölkəyə gətirib çıxardı, təhsilin, mədəniyyətin, səhiyyənin və digər sahələrin inkişafına nail oldu. Azərbaycan artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilib".

Sonra Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqı həmişə Ümummilli lider Heydər Əliyevin yubileylərini böyük vüsətlə qeyd edib: "Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyi də bütün xalqımız tərəfindən, nəinki Azərbycan vətəndaşları, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlılar tərəfindən geniş vüsətlə qeyd edilməkdədir. Bunun səbəbi hamıya aydındır. Azərbaycan ötən illər ərzində tamamilə, müqayisəedilməz dərəcədə dəyişib və bu dəyişiklərin kökündə Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, ideyalar və bu gün o ideyaların və siyasətin həyata keçirilməsi dayanır. 90-cı illərin əvvəlində Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın hansı durumda olduğu hamıya aydın şəkildə bəllidir. Azərbaycanın hər 7-8 nəfərindən biri məcburi köçkün və qaçqın vəziyyətində idi. O zaman ayrı-ayrı təhlükələrlə, ciddi hədələrlə üz-üzə qalmış bir ölkədə sabitliyi, əmin-amanlığı təmin etmək, iqtisadiyyatı bərpa etmək kimi çətin bir vəzifənin öhdəsindən gəlməyi təsəvvür etmək çox çətindir. Heydər Əliyev olmasaydı, yəqin ki, Azərbaycanın bugünkü tarixi tamamilə başqa cür olardı. Azərbaycan xalqının Heydər Əliyevə bugünkü məhəbbətinin kökündə məhz bu amillər dayanır. Həyat da göstərdi ki, Heydər Əliyev bu qədər çətin vəzifələr, həssas məqamlar içərisində bir milyona yaxın qaçqın və məcburi köçkünlərin inamını qazanaraq, ölkədə sabiltiyi qoruyub saxlaya bildi. Bununla da dahi şəxsiyyət həmin insanların gələcəyə olan inamlarını yarada bildi".

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov isə bildirib ki, hələ sovet dönəmində ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq üçün çox işlər görmüşdü: "Ulu öndər 1969-cu ildə ölkə rəhbəri olduğu anda ermənilərin bütün cəhdələrinin qarşısını alıb. Əgər dahi şəxsiyyət olmasa idi, o zaman ermənilər Dağlıq Qarabağ hər zaman iddia ilə yanaşırdılar. Heydər Əliyev ilk növbədə ölkə rəhbəri olduğu zaman həm Moskva həm dünya ermənilərinin qaldırdıqları iddiaları qarşısında Ağdam-Xankəndi dəmir yol xəttini çəkdirdi. Azərbaycanın digər rayonlarla əlaqəsini yaradıldı ki, məhz ermənilərin yalan, uydurma təbliğatına son qoyulsun. O dövrlər qaçın və məcburi köçkünlər acınacaqlı vəziyyətdə yaşayırdı. Ancaq ümummilli lider qaçqınların problemləri ilə məşğul olan qurum yaratdı, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün çox işlər gördü. Biz hamımız Ümummilli lider Heydər Əliyevin siyasətini və ideyalarını daim davam etdirməliyik".

Sonda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonun çıxış edərək, Heydər Əliyev BMT ilə Azərbaycan hökuməti arasında qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində qarşılıqlı əməkdaşlıqdan və bu əlaqələrin yüksək səviyyədə inkişafından danışıb: "1990-cı ildən 2012-ci ilə qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını Azərbaycana bu istiqamətdə 100 milyon dollardan artıq yardım göstərib. Azərbaycan rəhbərliyi qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət ayırır".

Tədbirdə bədii hissə ilə yekun vurulub. Qeyd edək ki, konfrans iştirakçıları mərasimdən öncə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyev və Akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə