Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun SƏS TV-yə müsahibəsi:
- Son zamanlar şou sahəsində daha çox aktivlik göstərirsiniz. Bu sizin siyasətdən yorulmağınız anlamına gəlmir ki?
- Sualınızdan da bir daha aydın olur ki, qaldırdığım məsələ nə qədər ciddi, siyasi və dövlətçiliyə lazım olan problem olması, görünür, hələ cəmiyyətə lazımi səviyyədə çatmayıb. Burada nə şou əhlindən, nə də başqa insanlara söz deyirəm. Müstəqillik əldə edəndən sonra hələ də sovet dövrünün ideyalarını təbliğ ediriksə, bu o deməkdir ki, bizdə müstəqillik anlayışı yoxdur. Hətta prezidentliyə namizədliyimi verəcəyim təqdirdə seçki platformamda ən başlıca müddəalardan biri kimi bu məsələni təbliğ edəcəyəm. Mütləq şəkildə Sovet ideologiyasından imtina edib yeni və müstəqil Azərbaycan vətəndaşlarının ideallarını müəyyənləşdirib irəli getməliyik.
- Küçədən keçən adi bir insana belə "dılğır" deyə müraciət etmək milli mentalitetimizə uyğun deyil. Ancaq siz Azərbaycan ədəbiyyatında özünəməxsus iz buraxan xalq şairi Səməd Vurğuna "dılğır" demisiniz. Bu nə dərəcədə düzgün ola bilər?
- Bir sözü qeyd edim ki, bu jurnalistlərin günahıdır. Qeyri-rəsmi şəkildə danışarkən 31 mart soyqrımının Azərbaycanın xalq şairi adını daşıyan birinin münasibətindən riqqətə gəldim. On minlərlə azərbaycanlıların ölümünü inqilab kimi təsvir edib. Bu qırğının başında duran Şaumyanı Azərbaycan xalqına qəhrəman kimi təqdim edib. Bizləri qırğından xilas edən türkləri isə işğalçı kimi qiymətləndirib. 180 dərəcə yalanı xalqa sırımaq istəyən birini qeyri-rəsmi şəkildə "dılğır" sözünü demişəm. İndi deyirəm və hər zamanda bunu təkrar edəcəm ki, əsərlərini rusların sifarişi ilə qələmə alırdı.
- Bütün bunlar sizin Hafiz Hacıyevlə razılaşdırılmış eyni mövqedən çıxış etməyiniz anlamına gəlmirmi?
- Bu fikirləri kim deyirsə, onların özü kimlərləsə razılışab iş görürlər. Mən xalqına məhəbbəti olan biriyəm. Azərbaycanlı olmasından asılı olamayaraq xalqımıza xəyanət edən kim olur-olsun mənim düşmənimdir. Bizə Azərbyacan şeirini yazan Şəhriyar lazımdır. Bizə Səməd Vurğun kimi "Stalinin eşqi ilə sən hər bir zaman güləcəksən" deyən şair lazım deyil.
- Sərt çıxışlarınızdan sonra müxalifətin sizə qarşı çıxması halları müşahidə olunur. Buna münasibətiniz necədir?
- Bir şeyin həqiqət olduğunu bilirəmsə, bir siyasətçi kimi bunu hər zaman deyəcəyəm. Səməd Vurğun o zamanlar Müsavat Partiyasının rəhbərini satqın adlandırırdı. Bu fikirlərimlə mənə dayaq olmaqdansa, əleyhimə kampaniya aparırlar. Məsələ orasındadır ki, Azərbaycan cəmiyyəti öz dəyərlərinə sahib çıxmaq iqtidarında deyil. Mən də bu fəlakəti görürəm. Müstəqil Azərbaycan vətəndaşı başqa ruhda tərbiyə olunmalıdır. Əks halda bizdən dövlət yaradan xalq çıxa bilməz.
- Yerli mətbu orqanlardan birinə verdiyiniz açıqlamada Müsavatı tam formalaşmamaqda günahlandırmısınız…
- Azərbaycan müxalifəti demokratik dəyərlərdən uzaqlaşıb. Siyasi cəhətdən tam formalaşmayıb, yəni tam siyasiləşməyib.
- Bir müddət əvvəl müxalifətin birləşməsi üçün onlara məktubda göndərmişdiniz. Görünür heç birindən cavab gəlməyib...
- Bəzi müxalif qüvvələr öz mənafelərini düşündükləri üçün elə seçkilərə də fərdi şəkildə qatılıb yalnız öz mənafelərini təmin etmək istəyirlər. Bu da müxalifətin bir araya gəlməsinə imkan vermədi. Azərbaycan müxalifəti bir şeydə razılaşıb ki, onlar heç bir iş barəsində ortaq mövqeyə gəlməsinlər. Bunun nəticəsində də onlar seçkilərə pərakəndə halda qatılırlar.
- Siz belə bir fikir səsləndirmişdiniz ki, müxalifətin birləşməsinə ən çox mane olan AXCP və Müsavat partiyalarıdır. Müxalifət düşərgəsindən isə sizə belə bir cavab gəldi ki, Sərdar Cəlaloğlunun belə açıqlamaları əslində müxalifəti zərbə altında qoyur.
- Mənim bu fikirlərimə qarşı həmin partiyaların aşağı təbəqəsindəki nümayəndələrdən cavab gəlib. Bu isə mənim üçün önəmli deyil. Onu da qeyd edim ki, dediyim bu sözlərə qarşı nə AXCP-nin, nə də Müsavatın birinci dərəcəli şəxslərindən heç bir münasibət bildirilmədiyinə görə, belə qənaətə gəlmək olar ki, onlar mənim fikirlərimlə razılaşıblar.
- İstər AXCP sədri Əli Kərimlinin, istərsə də Müsavat başqanı İsa Qəmbərin sizin bu fikirlərinizə münasibət bildirməməsi onların sizi siyasətçi kimi qəbul etməməsinin sübutu deyilmi?
- Onlar düz sözün qarşısında heç nə deyə bilməzlər. Mən düz dediyimə və həqiqəti bəyan etdiyimə görə onlar heç nə deyə bilmirlər. Əlbəttə ki, onların bir araya gələ bilməməsinin bir günahkarı var və mən də bu günahı işlədənlərin adlarını çəkmişəm. Bu gün İsa Qəmbərin özü də deyir ki, Azərbaycan müxalifətinin bir araya gəlməsinə ehtiyac yoxdur və hər kəs seçkilərdə ayrı-ayrı namizədlərlə iştirak etməlidir. Çünki müxalifətin yeni modeli yaranır. Elə o, özü də bu birliyin əleyhinə olduğunu bildirib. O özü də bildirir ki, Azərbaycan müxalifətinin yarısı İrana, yarısı Rusiyaya, yarısı Qərbə işləyir.
- İsa Qəmbər həmçinin sizi hökumətə işləməkdə günahlandırır. Buna münasibətiniz necədir?
- Əvvəllər mənim hökumətlə siyasi dialoqlara çağırışım zamanı AXCP və Müsavat buna qarşı çıxaraq məni hakimiyyətə satılmış insan kimi qələmə verirdilər və siyasi dialoq çağırışımı müxalifətin maraqlarına ziyan kimi başa düşürdülər. Təbii ki, əgər siyasi dialoq ölkəmiz, xalqımız üçün faydalı olacaqsa, onun əleyhinə çıxmaq lazım deyil. Lakin bu insanlar onun əleyhinə çıxıblar. Hətta o vaxt siyasi dialoqla bağlı müsbət fikirlərimi müxalifət mətbuatı müxtəlif çirkin formalarda xalqa çatdırdılar. Xalqa bu qədər yalnış informasiyalar vermək çox böyük qəbahətdir. İndi görürük ki, siyasi dialoq fikrimdən 5 il keçəndən sonra İctimai Palata siyasi dialoqa getmək haqqında qərar verib. Şahidi oluruq ki, siyasi dialoqun önəmli, faydalı olduğunu müxalifət partiyaları 5 ildən sonra dərk etdilər. Bu isə həm də onların siyasi cəhəddən savadsızlıqlarını sübut edir. Onlar uzaqgörən deyillər. Bu insanlar hələ indi siyasi dialoqun zəruriliyini başa düşüblər. Lakin təəssüf ki, gec başa düşüblər.
- Rüstəm İbrahimbəyov müxalifətə rəhbərlik etmək istəyir. Ancaq siz belə bir fikir söyləmişdiniz ki, o müxalifətə rəhbərlik edə bilməz və müxalifəti idarə edə bilməz...
- Azərbaycanda bəzi ziyalılar var ki, siyasətə gələndə özlərini aparıcı fiqur kimi göstərib, belə yanaşma ilə çıxış edirlər. Bu isə kökündən səhvdir. Ümumiyyətlə, biz son 20 ildə siyasi həyatda Rüstəm İbrahimbəyovun adını eşitməmişik. Yalnız son 2 ildə onun adını eşidirik. R.İbrahimbəyov müxalifətdə idarəçilik missiyasını daşıya bilməz, bunu öz üzərinə götürə bilməz. Həmçinin qeyd edim ki, indi istər R.İbrahimbəyovun ideyaları əsasında, istərsə də digər müxalifət nümayəndələrinin təşəbbüsü sayəsində yaranmış hərəkatlar heç bir uğur əldə edə bilmir. Misal olaraq, "EL" hərəkatı deyilən bir qurum yaradılıb. Şahidi oluruq ki, burda yalnız 3-4 nəfər insan təmsil olunur. Bəs hardadı el?! Yaxud da Milli Şura adlandırdıqları bu qurumun harası millidir ki?! Xalq bilməlidir ki, bu Milli Şura onların düşündükləri milli şura deyil, sadəcə bir neçə nəfərin özləri üçün yaratdıqları qurumdur. Axı müxalifətin aparıcı insanlarının yanında Eldar Namazov kimdir ki, indi hansısa hərəkat yaradıb, özünü öndə gedən insan kimi göstərsin. Onların tutduqları yolun heç bir perspektivi yoxdur. Onlar yalnış yoldadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB