"Ulu öndər Heydər Əliyev və Azərbaycanın milli inkişaf modeli” Dəyirmi Masa

"Ulu öndər Heydər Əliyev və Azərbaycanın milli inkişaf modeli” Dəyirmi Masa

"Vergilər", "Yeni Azərbaycan" qəzetləri və "Azərbaycanın vergi jurnalı"nın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Ulu öndər Heydər Əliyev və Azərbaycanın milli inkişaf modeli" mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Vergilər qəzetinin baş redaktoru Anar Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mərkəzi Bankın sədr müavini Aftandil Babayev, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər və Rabitə və İnformasiya nazirliklərinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatına olan qayğısından danışıb: "Yaxın günlərdə "Yeni Azərbaycan" qəzeti 20 illiyini qeyd etdi. Bununla əlaqədar olaraq "Yeni Azərbaycan" qəzetinin kollektivini və baş redaktoru Hikmət Babaoğlunu təbrik edirəm. İşlərinizdə müvəffəqiyyətlər arzu edirəm".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə təbrikə görə minnətdarlığını bildirib: "Çox sağ olun, madam ki, tədbirimiz mətbuatla başladı mən də, qısaca mətbuat mövzusuna toxunmaq istəyirəm. Makedoniyalı İsgəndər Axillesin məzarını ziyarət edir və deyir ki, bir insanın, şəxsiyyətin tarixdə qalması üçün iki keyfiyyət lazımdır. Onun biri hünər, qəhrəmanlıq, rəşadətdir. İkincisi isə bu hünər və rəşadəti təbliğ edən təbliğatçının olmasıdır. Sən xoşbəxt adamsan ki, sənin Homer kimi təbliğatçın var. Biz "Yeni Azərbaycan" qəzeti olaraq Homer deyilik, heç "İlyada" da yazmamışıq. Amma ötən 20 il ərzində biz Allahın təqdiri ilə hünər, rəşadət bəxş edilmiş böyük dövlət xadimi, qurucu, lider, müstəqil Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyevin tarixi salnaməsini yaza bilmişik. Gözümüzün önündə onun qurduğu müstəqil Azərbaycanın səlnaməsini yaza bilmişik. Bu salnamə qürurverici salnamədir, Azərbaycanın inkişaf səlnaməsidir, onun qüvvətlənməsinin, güclənməsinin səlnaməsidir. "Yeni Azərbaycan" qəzeti qürur və şərəf hissi ilə məhz 20 illik salnamənin hər günü səhifəsinə daşımaqla həm Heydər Əliyev ideyalarının daşıyıcısı, həm də onun təbliğatçısı olub. Bu bizim üçün çox böyük qürurdu.

Dəyirmi masanın keçirilməsinin əhəmiyyətindən danışan H.Babaoğlu bildirdi ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda mövcud vergi sisteminin gördüyü işlər, aparılan islahatları geniş təhlil etməkdən ibarətdir.

Mərkəzi Bankın sədr müavini Aftandil Babayev bildirib ki, Heydər Əliyevin uğurlu siyasəti nəticəsində bu gün əhalinin rifah halı günbəgün yaxşılaşır. İndi onun layiqli davamçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Beynəlxalq valyuta təşkilatları ilə qarşılıqlı əməkdaşlıq aparılır, Azərbaycanın valyuta ehtiyatları artır. Müxtəlif sahələrə sərmayələr qoyulur, işsizlik səviyyəsi aşağı düşür".

Çıxış edən dəyirmi masa iştirakçıları vurğuladılar ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir".

Daha sonra dəyirmi masa iştirakçıların çıxışları və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə