Milli Məclisin vitse-spikeri Bahar Muradovanın Səs TV-yə müsahibəsi
- Bahar xanım, prezident seçkilərinə hələ rəsmi start verilməsə də bəzi şəxslər, xüsusilə də dağıdıcı müxalifət nümayəndələri artıq seçki təbliğatına başlayıb, görüşlər keçirir, yığıncaqlar təşkil edirlər. Bu, birbaşa qanunvericiliyin tələblərinin pozulması demək deyil?
- Seçki qanunvericiliyi, konkret olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsi seçki kampaniyasının başlanma müddətlərini müəyyən edir. Onunla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının qrafiki dərc olunur və hər bir seçkidə iştirak edən şəxs, namizədliyini irəli sürən namizədlər, siyasi partiyalar, ictimai birliklər həmin qrafikə, qanunvericiliyə uyğun olaraq öz tədbirlərini müəyyənləşdirməlidirlər. Yox əgər, seçkiyə start verilməmişdən, bütün bu proseduralara əməl olunmamışdan əvvəl konkret şəxslər konkret seçki təbliğatı ilə məşğul olurlarsa, bunu müvafiq qurumlar qeydə almalıdırlar və bununla əlaqədar müvafiq təşkilatlar inzibati tədbirlər görə bilər. Hər halda bunu onlar bilməmiş deyillər. Çünki Azərbaycanda seçkilər birinci dəfə deyil keçirilir. Kimsə belə hallara yol verirsə, əvvəlcədən süni olaraq hansısa bir problemin yaradılmasında maraqlıdır.
- Müxalifət Azərbaycanda daha çox insan hüquq və azadlıqlarının müdafiəsində, demokratik proseslərdə çatışmazlıqların olduğunu iddia etməklə diqqəti özünə cəlb etməyə çalışır. Əslində Azərbaycanda bu sahədəki vəziyyət necədir?
- Bu gün Azərbaycan çox sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu sürət təkcə Azərbaycanın inkişafına aid deyil. Azərbaycanın bütün sahələrdə tarazlı inkişaf modeli vardır, elə bu modelin özü, bu təcrübə beynəlxalq iqtisadi birliklər tərəfindən, digər beynəlxalq təşkilatlar tərəfindən öyrənilir və belə bir modelin olduğu təkcə bizim fikrimiz deyil. Beynəlxalq standartları, mövcud ictimai-siyasi reallıqları, hansısa adət olunmuş qaydaları nəzərə almadan və bütün bunların təsirlərinə rəğmən özünün inkişaf modelini yaratmaq böyük uğurdur və bu da getdikcə özünü daha artıq sübut etməkdə olan ölkənin modelidir. Ona görə də bu, bir çox dairələrə maraqlıdır. O cümlədən Azərbaycanda siyasi, hüquqi islahatların aparılması, eləcə də demokratik təsisatların cəmiyyətdə kök salması, insan hüquq və azadlıqlarının qorunması, bu sahədə nailiyyətlərin əldə olunması istiqamətində çoxsaylı müsbət nəticələrimiz vardır. Bu, təkcə cəmiyyətin, ayrı-ayrı siyasi qurumların istəyi deyil, bu, Azərbaycan dövlətinin yeritdiyi siyasətdir. Çünki Azərbaycan demokratik bir cəmiyyət quruculuğuna özü start verib və bunun üçün də beynəlxalq təşkilatlara üzvlük, onların qarşısında götürülən öhdəliklər, qoşulduğumuz beynəlxalq sazişlər, xüsusilə insan haqlarının qorunması ilə bağlı öhdəliklər bizi vadar edir ki, bu yöndə ardıcıl, məqsədyönlü fəaliyyət göstərək. Buna görə də Azərbaycanın bu gün dövlət səviyyəsində çoxsaylı proqramları vardır ki, bu sahədə olan problemləri aradan qaldırmağa və Azərbaycanı daha çox vətəndaş cəmiyyətinə transformasiya etmək üçün nəticələrə kökləyir. Bu gün qətiyyətlə söyləyə bilərəm ki, bu təkcə Azərbaycanda baş verən proses deyil, demokratiya heç zaman bitmir, tükənmir və burada hədəflər hər zaman vardır. Cəmiyyət inkişaf etdikcə tələbat da yüksəlir və dövlətin də üzərində olan vəzifələr getdikcə artır. İnkişaf özünün yeni problemlərini doğurur və bu problemləri həll etmək üçün də yeni-yeni addımlara ehtiyac yaranır. Kimsə Azərbaycan cəmiyyətində əldə olunan bütün bu istiqamətdə nailiyyətləri bir kənara qoyub, yalnız çatışmazlıqlar üzərində fikri cəmləmək istəyirsə, onun qərəzli olduğu ilk baxışdan anlaşılır. Haqqında söhbət gedən dairələrin də qərəzli olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur. Çünki Azərbaycanda hansı layihələr, fəaliyyət, istiqamət olursa-olsun, onlar bu istiqamətdə yalnız çatışmazlıqlara diqqəti cəmləmək və bunu bir hay-küy, ajiotaj yaratmaq, belə bir vəziyyətdə də özlərinin imkanları olmayan, amma arzuladıqları hədəfə çatmaq üçün münbit şərait ola biləcəyinə ümid bəsləyirlər. Ona görə də daim bu kimi fikirlər söyləyirlər. Yalnız ölkə daxilində deyil, ölkə xaricində də Azərbaycanın imicinə, nüfuzuna xələl gətirə bilən informasiyaların, şayiələrin, bu və ya digər heç bir əsası olmayan hadisələrin baş verməsi haqqında məlumatların sızdırılmasına, Azərbaycan ətrafında xoşagəlməz bir informasiya mühitinin olmasına çalışırlar. Bu söylənilənlərin isə heç bir əsası yoxdur. Azərbaycan özünün tutduğu yola, demokratik inkişaf yoluna sadiqdir və bunu da hər addımında sübut edir.
Hazırda seçki ilindəyik. Bu il artıq ictimai-siyasi həyatda xüsusi bir canlanma hiss olunur. Elə bu prosesin özü bizi bir az daha irəliyə aparmaq üçün imkan yaradır. Biz bu günə qədər əldə etdiklərimizi növbəti dəfə sınaqdan keçirmək imkanı əldə etmişik. Hesab edirəm ki, bu il də Azərbaycanda demokratiya quruculuğuna, ictimai-siyasi sabitliyin daha artıq qorunmasına və vətəndaş hüquqlarının bütün səviyyələrdə reallaşdırılmasına necə şərait yaradıldığının bir göstərici olacaq. Hər kəsdən xahişimiz, tövsiyəmiz, istəyimiz ondan ibarətdir ki, onlar mövcud mühiti qaralamaqdan, orada hər hansı neqativ cəhətlər tapmağa çalışmaqdansa, bu mühitin yaratdığı şəraitdən istifadə edərək Azərbaycanda demokratik vəziyyətin, durumun hansı səviyyədə olmasını bir daha sınaqdan keçirsinlər. Bunu üçün ən gözəl sınaq əlbəttə seçkilərə hazırlaşmaq, bu seçkilərdə iştirak etməkdir.
- Bu günlərdə ABŞ Dövlət Departamenti Azərbaycanda söz və mətbuat azadlığı sahəsində çatışmazlıqların olduğunu iddia edən hesabat yayıb. Bu hesabatı həm də Azərbaycanın dağıdıcı müxalifəti ilə razılaşdırılmış hesabat kimi dəyərləndirmək olar?
- Belə hesabatların yayılması birinci dəfə deyil. Hər il bu kimi hesabatlar yayılır. İstər ABŞ Dövlət Departamenti, istər ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən yayılan bu hesabatlarda bir qayda olaraq biz yalnız daha çox birtərəfli məlumatların yer aldığının şahidi olmaqdayıq. Sanki bir qrup beynəlxalq dairələr, bir qrup marağı olan insanlar var ki, onlar Azərbaycanda yalnız öz siyasi məqsədlərinə çata bilməyən, bu və ya digər siyasi ambisiyalarını reallaşdıra bilməyən, ona görə də hər şeyi qara rəngdə görən insanların hazırlayıb bu və ya digər instansiyalara ötürdükləri donoslar hesabına öz işini görüb, bununla da bitmiş hesab edir. Bütün dünya üzrə hesabat təqdim etmək çox ağır və çətin bir işdir. Bunun öhdəsindən gəlmək üçün böyük institutlar, insani, təşkilati şəbəkələr olmalıdır. Dövlətlə, onların müvafiq qurumları ilə ardıcıl əlaqələr olmalıdır. Alınan bütün informasiyalar əsasında ümumiləşmiş bir hesabat təqdim etmək çox çətin bir işdir. Görünür bu işlərin tapşırıldığı insanlar bunu başqalarının "əməyi, zəhməti" hesabına həyata keçirmək istəyirlər. Mən söyləmək istəməzdim ki, onlar Azərbaycana qarşı qərəzli mövqedə dayanaraq bu addımı atırlar. Onlar daha az əmək hesabına öz işlərini yerinə yetirmək istəyirlər. Məhz buna görə onların informasiyaları birtərəfli olur. Bizim tərəfimizdən yanaşdıqda qərəzli, qeyri-obyektiv olur. Subyektiv meyllər daha çox özünü göstərir. Bəzi hallarda bu və ya digər dairələrin maraqlarına xidmət edən hesabatlar kimi dəyərləndirilir. Mən bunu yalnız belə qiymətləndirərdim. Çünki ABŞ-la Azərbaycan dövlətinin çox gözəl rəsmi münasibətləri var. Ən müxtəlif sahələrdə biz tərəfdaşıq. Azərbaycanla ABŞ arasındakı əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Biz öz tərəfimizdən buna xələl gətirən hansısa addımlara yol vermirik və əks tərəfdən də eyni mövqeyi gözləyirik. Ona görə də mən düşünürəm ki, bu hesabatların hazırlanmasını tapşıran müvafiq qurumlar, onların rəhbərləri daha ciddi olmalıdırlar. Onlara öz işlərində həm hökumətlərlə, həm cəmiyyətin bu və ya digər nümayəndələri, qeyri-hökumət təşkilatları ilə əlaqəli olaraq bu işlərini qurmalarını nəinki tövsiyə etməlidirlər, onların qarşısında bir tələb kimi qoymalıdırlar. Çünki biri var beynəlxalq qeyri-hökumət təşkilatı, biri də dövlət departamenti. Bir qayda olaraq mən çox təəssüf edirəm ki, onlar çox zaman elə istinad kimi həmin o beynəlxalq qeyri-hökumət təşkilatlarına, ölkələrdəki milli qeyri-hökumət təşkilatlarına göstərərək hesabatlarını təqdim edirlər. Bu da düzgün deyil və bir çox hallarda narahatlıq, nigarançılıq yaradan, bizim münasibətlərimizə xələl gətirə biləcək fikirlərin burada öz əksini tapmasına şərait yaradır. Amma, bununla belə biz tənqidə açıq bir ölkəyik. Heç zaman bizi niyə tənqid etdiklərinə görə narazılıq etmirik. Bizi necə tənqid etdiklərinə və obyektiv olmadıqlarına görə öz mövqeyimizi ifadə edirik. Hesab edirəm ki, elə bunun özünü də bir əməkdaşlıq kimi qiymətləndirmək lazımdır.
- YAP xalqın maraqlarına uyğun siyasət yürütməyə üstünlük verdiyi halda, bəzi müxalifət qüvvələri ölkədə ictimai-siyasi sabitliyi pozub, qarşıdurmalar yaratmağa meyl göstərirlər. Bunun arxasında hansı məqsədlər və ya maraqlar dayanır?
- Mən buradan söyləyirəm və onları da əmin etmək istəyirəm ki, biz heç bir qarşıdurmaya getməyəcəyik. Şəxsən biz, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Azərbaycanda qarşıdurmaya yönəlik hər hansı bir cəhdə, hər hansı bir təxribata cavab verməyəcək. Bu günə qədər Azərbaycanın inkişafı üçün, Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün apardığı fəaliyyəti ardıcıl olaraq davam etdirəcək. Yalnız qanun çərçivəsində, öz səlahiyyətləri və imkanları çərçivəsində ictimai-siyasi proseslərin irəliləməsinə və ölkənin inkişafına öz töhfəsini verəcək.
Qaldı ki, digər dairələr daim bunda maraqlıdırlar və ən müxtəlif yollarla da bizi bu kimi cəhdlərə qarışdırmaq, bulaşdırmaq istəyirlər. O da söylədiyim səbəblərdəndir. Əvvəla, onlar siyasi hədəflərinə çatmaq imkanı olmayan dairələrdir, çox məhdud sosial bazası olub, yəni yeni dövrün, gündəlik dəyişən həyatın, sürətlə gedən inkişafın çağırışlarına cavab vermək imkanı olmayan dairələrdir. Bugünkü Azərbaycan dövlətini yönəldən, onu idarə edən siyasi elitaya, siyasi komandaya, onun gördüyü işlərə, irəli sürdüyü proqramlara, reallaşdırdığı fəaliyyətə alternativ bir proqram ortaya qoymağı bacarmayan dairələrdir və onların başqa çıxış yolu yoxdur. Çünki bərabər şəraitdə, qnunun verdiyi imkanlar çərçivəsində, rəqabət mühitində onlar bu hədəflərinə çatmaq imkanından məhrum olduqlarını çox gözəl dərk edirlər. Ona görə də ölkə daxilindəki, ictimai-siyasi sabitliyi pozmaq, bu və ya digər hərəkətlərlə, qanunazidd əməllərlə özlərinə diqqəti yönəltmək və bu vasitə ilə də beynəlxalq arenada özlərinə dəstək tapmaq, Azərbaycanda başqa maraqlarını qarışıq bir zamanda həyata keçirmək istəyən beynəlxalq məhdud dairələrlə əlaqəyə girmək, yalnız bu şəkildə Azərbaycan dövlətinə təzyiq etmək, Azərbaycan xalqının iradəsini ifadə etməsi şəraitini pisləşdirmək və sonra da belə bir şəraitdə hansısa niyyətlərinə çatmaq məqsədlərini güddüklərindən bu kimi hərəkətlər yol verirlər. Bunların isə mahiyyəti, məzmunu Azərbaycan xalqına tamamilə aydındır. Bu günə qədər olan mövqe, bu insanlara qarşı göstərilən münasibət necə idisə, əmin olsunlar ki, bundan sonra da belə olacaq. Çünki Azərbaycan xalqı artıq yetkin, dövrün tələblərini, dövrün çağırışlarını düzgün dəyərləndirə və Azərbaycan dövlətinin, xalqının, dövlətçiliyinin maraqlarını qurban verməyən şüurlu Azərbaycan vətəndaşlarıdır, onlar özlərinin möhkəm vətəndaşlıq mövqeyinə malikdirlər. Bu vətəndaşı yalnız inandıraraq hansısa həqiqətlərin ardınca aparmaq olar. Yalanla isə bu xalqı heç bir yerə aparmaq mümkün deyil.
- Özünü müxalifətin bir parçası hesab edən "El" adlı qurum daha çox AXCP və Yeni Müsavat partiyasının sosial bazası əsasında formalaşmağa cəhd göstərir. Amma görünən həm də odur ki, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov üçlükdə görüşlər keçirib, ABŞ-ın Azərbaycandakı səfirinin qəbulunda olurlar. Bu, sözdə dost, əməldə isə rəqib olduqlarını deməyə əsas verir?
- Bilirsiniz, Azərbaycanda istər prezident, istər parlament, istər bələdiyyə seçkiləri ərəfəsində bu kimi çoxsaylı qurumların yaradılmasının biz şahidi olmuşuq. Əgər, götürsək onları siyahıya almağa, çox uzun bir siyahı ortaya çıxar. Və o qurumların adları onu yaradanların yaddaşından çoxdan silinib. Çünki, bu qurumların bir neçə aylıq ömrü olur. O qurumlar, təşkilatlar ki, ideya əsasında, xalqa və dövlətə xidmət məqsədi ətrafında yaranmır, onlar tez dağılmağa məhkumdurlar. Bunun çox gözəl nümunələrini bizim müxalifət, ictimai-siyasi sferada olan bir sıra şəxslər daim göstəriblər, göstərməkdədirlər və gələcəkdə də yəqin ki, fəaliyyətləri yalnız bu istiqamətdə olacaq. O ki, qaldı konkret "El" hərəkatı adlı bir quruma, yaradılmasına, sözün düzü onun Azərbaycanda nə dərəcədə el, oba ilə bağlılığı var, bu başqa bir araşdırmanın mövzusudur. Amma, kifayət qədər məna tutumu olan bir adı üzərinə götürən çox mənasız bir qruplaşmadır. Ona görə də həm məlum düşərgəyə aid sosial bazaya iddia edən, bununla da bu siyasi partiyaların az və ya çox özünün ola biləcək dairənin parçalamaq niyyətinin olduğunu ortaya qoyur. İkincisi də, neçə illər bu hadisələrin ən azı müşahidəçisi kimi söyləyə bilərəm ki, bu siyasi partiyalar heç bir ictimai təşkilata, heç bir hərəkata onların adından danışmaq səlahiyyətini heç zaman sona qədər verməyib. Bu da onların özlərinin iddiaları və özlərinin bu prosesdən maksimim istəkləri ilə bağlıdır. Ona görə də müəyyən müddət ərzində elə bir imitasiya ola bilər, amma seçkilərə yaxınlaşdıqca nə bu hərəkatın, nə də yaradılacaq digər bir təşkilatın hər hansı bir siyasi hədəflərə çata biləcəyinə heç bir ümid yoxdur. Ona görə də mən bunun ətrafında o qədər də böyük ajiotaj yaradılmasının tərəfdarı deyiləm. Onlar özləri bir-biriləri ilə mübarizələrini aparacaqlar. Mən buna yüz faiz əminəm.
Qaldı ki, Yeni Azərbaycan Partiyasına, dövlətin başçısı, partiyanın da sədri kimi prezident İlham Əliyevin namizədliyi ətrafında cəmləşən qüvvələr mütləq əksəriyyəti təşkil edir. Onlar öz sözünü bu seçkilərdə də söyləyəcəklər. Yuxarıda adı keçən "hərəkatlar", şəxslər isə sadəcə olaraq bu prosesin çox kiçik və cılız bir iştirakçısı olacaqlar.
- Rüstəm İbrahimbəyov müxalifətin bir qanadı olaraq "Milli Şura" deyilən bir qondarma siyahı tərtib edib. Amma, bu siyahı müxalifət tərəfindən tənqid olunur. Onun düşərgə daxilində qəbul olunmaması nə ilə əlaqədardır?
- Pis və ya yaxşı, az və ya çox adı çəkilən düşərgədə olan insanlar neçə ildir ki, bu prosesin içərisindədir. Gözlənilən o olmalı idi ki, bu qədər siyasi proseslərdə olan şəxslər hansısa kiçik də olsa uğurlara gətirib çıxara bilən fəaliyyət sərgiləməli idilər. Ən azından bu illər onlara konkret nəticələr verməsə də, təcrübə verib və ya verməli idi. Bütün bunlar olmadığı təqdirdə dünənə qədər yalnız filmlərə ssenari yazan, yaradıcılıqla məşğul olan, yəni peşəsi yazmaq-yaratmaq olan bir şəxsin birdən-birə siyasətə gəlməsi, eyni zamanda bu düşərgədə liderliyə iddiası əlbəttə ki, o düşərgədə olan xırda liderlərin heç də xoşuna gəlmir. Onlar Rüstəm İbrahimbəyova sadəcə, indi onun hazırkı iqtidara, Yeni Azərbaycan Partiyasına qarşı söylədiyi fikirlərə görə, dözümlülük göstərirlər. Seçim zamanı gəldikdə isə hər kəs öz marağını digərlərin marağından üstün tutacağı təqdirdə, Rüstəm İbrahimbəyov heç kəsin yadına düşməyəcək. Mən bunu sizə əminliklə söyləyirəm. Ona görə də Rüstəm İbrahimbəyovun bu istəyinin arxasında nə durur və o ümumiyyətlə, öz siyasi perspektivini görürmü, onun siyasi perspektivinin Azərbaycana nə aidiyyəti var? Bu həqiqətlər üzərində o düşünür və ya düşünmür mən bilmirəm, amma görünən odur ki, Rüstəm İbrahimbəyova nə adını çəkdiyiniz düşərgə, nə də o, müxalif düşərgəyə lazım deyil. Sadəcə onların hər ikisinə hazırkı dövrdə Yeni Azərbaycan Partiyasına, onun iqtidarına qarşı olması maraqlıdır. Amma seçim etmək lazım gələndə, onların hər biri öz maraqlarının ardınca gedəcək. Rüstəm İbrahimbəyovun siyasətçiliyi də elə onun yaddan çıxan filmlərinin aqibəti kimi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB