Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər seçilməsinin müzakirəsi zamanı deputatlar İctimai TV-nin fəaliyyəti ilə bağlı təkliflərlə çıxış ediblər. SİA-nın məlumatına görə, müzakirələr zamanı deputat Fazil Mustafa bildirib ki, İctimai TV Azərbaycanda media mədəniyyətinin formalaşmasında mühüm rol oynayır: "Bu baxımdan da Yayım Şurasının tərkibinin mütəmadi dəyişdirilərək təkmilləşməsi lazımdır".
F. Mustafa İTV-nin fəaliyyəti ilə bağlı təkliflər də verib: "Heç olmasa həftədə bir dəfə Milli Məclisin fəaliyyəti ilə bağlı bir-iki saatlıq reportajlar verilsin, Milli Məclisin iclası ayrıca yayımlansın. Ona görə İTV üçün təklif edirəm ki, bunu AzTV-dən ummağımız mənasızdır, onlar öz siyasətləri var və bizim təkliflərimizi nəzərə almırlar. Dəfələrlə tənqidi fikirlər səsləndirsək də, AzTV öz yolundan onsuz da dönən deyil. MM mətbuat xidməti tərəfindən hazırlanmış bir saatlıq veriliş olsun, burada deputatların hətta tənqidi çıxışları da yer alsın".
Deputat İqbal Ağazadə isə İctimai TV-dən narazılıq edib: "Mənim sonuncu dəfə bu televiziyada çıxış etdiyim yadıma gəlmir. Müxalif partiyalara burada efir verilməsi sıfır səviyyəsindədir. Axı nəyə görə bizim fəaliyyətimiz bu televiziyada getmir? Axı bu İctimai TV-dir və bizə də efir verməlidir. Bizim tədbirlər işıqlandırılmır, bu özəl televiziya, dövlət televiziyası deyil ki, hansısa məhdudiyyətlər olsun. Heç mənim bu çıxışımı da verməyəcəklər. Qoy desinlər ki, sonuncu dəfə nə vaxt mənim çıxışımı veriblər. Ötən həftə gənclərlə görüşüm oldu, rəsmi dəvət etdik, gəlmədilər. Onda niyə bu kanalı dövlət büdcəsindən maliyyələşdirək ki? Adını "ictimai" qoyuruqsa, burada cəmiyyətin fərqli düşünən təbəqəsi də təmsil olunmalıdır".
İ.Ağazadəyə cavab olaraq isə, spiker Oqtay Əsədov bildirib ki, dəfələrlə İTV-nin fəaliyyətində müxalifətə yer verildiyini görüb: "Əgər siz orada görünmürsünüzsə, bu o demək deyil ki, bu televiziyada müxalifətə yer verilmir. Məgər parlamentdə müxalifət tək sizsiniz?".
Deputat Siyavuş Novruzov da deyib ki, İctimai televiziyada konkret kiməsə qadağa qoyula bilməz: "Məsələn, mən nə vaxt İctimai TV-ni açıram Fazil Mustafanı orada görürəm. Sadəcə, mövzu baxımından ola bilər kimsə çox çıxsın, kimsə də az çıxsın". S. Novruzov da təkliflər çıxış edib: "Yaxşı olardı ki, son günlər artan yol hərəkəti qaydalarının pozulmasına qarşı maarifləndirici verilişlərə üstünlük versinlər. Bir az o aşıq verilişindən - filandan azaldıb sosial proqramlara daha çox yer verilsin".
Müzakirələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB