Azərbaycanda dini radikalizmə yer yoxdur

Mübariz Göyüşlü: “QHT-lərin siyasi məsələlərdə çıxış etməsi qadağandır”
Azərbaycanda dini radikalizmə yer yoxdur

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlünün Səs TV-yə müsahibəsi

- Mübariz müəllim, radikal dini ünsürlər xarici dairələrin və bəzi müxalifət partiyalarının tapşırığı ilə Azərbaycanda dini siyasiləşdirməyə cəhd göstərirlər. Bu işdə bəzi QHT-lərdən istifadə etməyə çalışırlar. Sizin təşkilatın bu məsələyə münasibəti hansı formadadır?

- QHT və dini icma adından istifadə edərək, yəni bu ad altında gizlənərək siyasi maraqların həyata keçirilməsi üçün alət və vasitə olan təşkilatlara və bu qurumlara rəhbərlik edən şəxsləri qınayırıq. Əgər sən siyasi fəaliyyət göstərmək istəyirsənsə bunu tənzimləyən "siyasi partiyalar haqqında" qanun var. Yəni, həmin qanuna uyğun olaraq ya hər hansı bir partiyaya üzv ola bilərsən, ya da ki, özün üçün ayrıca bir partiya təsis edərək siyasi mübarizəyə qoşula bilərsən. Yox əgər, burada sənin məqsədin QHT yaradaraq ictimai problemlərin həlli ilə məşğul olmaqdırsa, QHT-lərin nizamnaməsində də açıq şəkildə qeyd olunub ki, onlar seçkiləri maliyyələşdirə və digər addımları ata bilməz. Bir sözlə, fəaliyyət göstərmək istəyirsənsə, qanunlara uğun şəkildə addımlar atmalısan. Əgər dini icma şəklində fəaliyyət göstərmək istəyirsənsə bununla bağlı müvafiq qanun var. Yəni, öz tərəfdarlarınla bir yerdə təsis edib dini icmalar haqqında qanuna uyğun olaraq fəaliyyət göstərə bilərsən. Amma QHT və dini icma adı altında siyasi proseslərdə bu və ya digər formalarda iştirak edərək hansısa xaricdə təmsil olunan siyasi qrupların təsiri altında bu işləri görməyə cəhd göstərilməsi çox yanlış bir haldır. Bir sözlə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması Azərbaycanda QHT-lərin böyük əksəriyyətinin yerli donor vasitəsi ilə maliyyələşməsi üçün bir çox imkanlar yaratdı. Əvvəllər QHT-lər bəhanələr gətirirdilər ki, biz QHT-lərim maddi imkanları sıfıra bərabərdir və biz xaricdən maliyyələşərək öz işlərimizi görməliyik demələrinin də qarşısı alınıb. Çünki artıq yerli donor da var. Bir sözlə, müxtəlif qanun layihələrinin hazırlanması və bu istiqamətdə işlərin genişləndirilməsi ilə QHT-lərin digər problemlərinin həlli üçün cəhdlər göstərilir. Artıq bu bəhanələr, o cümlədən dini icmalarla bağlı bəhanələr aradan qaldırılır. Ötən il dini icmalarla bağlı Prezident İlham Əliyev Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində fəaliyyət göstərməsi üçün maliyyə yardımları ayrılıb. Bir sözlə, bəhanələrlə müxtəlif adlar altında müxtəlif məsələləri əsas gəitrməklə siyasi məqamlarda siyasi təşkilatın aləti olaraq çıxış etmək QHT-lərə yaraşmayan bir hərəkətdir.

- Bəzi QHT-lər siyasi partiyalara qoşulub müxalifətlə eyni mövqedən çıxış edirlər. Hətta icazəsiz aksiyalara qatılırlar. Bu, "QHT-lər haqqında qanun"un tələblərininin pozulması demək deyilmi?

- QHT-lərin müxalifətin keçirdiyi icazəsiz aksiyalara qoşulması "QHT-lər haqqında qanunun" tələblərinə ziddir. QHT-lərin Nizamnaməsində qeyd edilib ki, QHT-lərin siyasi məsələlərdə çıxış etməsi qadağandır. Bir sözlə, QHT-lər siyasi məqamlarda siyasi partiyaların aləti olaraq çıxış edir və icazəsiz aksiyalara qatılır, bununla bağlı isə müvafiq dövlət qurumları addım atan zaman bu QHT-lər hay-küy qaldırmağa başlayırlar. Demək olar ki, bu QHT-lər xaricdə olan havadarlarını köməyə çağırırlar. Bu kimi qüvvələr bu cür hay-küy qopararaq ona nail olmaq istəyirlər ki, dövləti təzyiq altında saxlayaraq onların gördüyü işlərə, qaranlıq məqamlara aydınlıq gətirməyinə mane olsunlar. Bir sözlə, siyasi fəaliyyət üçün siyasi partiyalar var. Yəni, QHT-lər ictimai maarifləndirmə işi ilə, dini icmalar dini maarifləndirmə işləri ilə məşğul olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə