Əli Əhmədov: “Prezident seçkilərində qalib İlham Əliyev olacaq”

Əli Əhmədov: “Prezident seçkilərində qalib İlham Əliyev olacaq”

YAP-ın prezident seçkilərində namizədi birmənalı olaraq prezident İlham Əliyevdir. SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov partiyanın Yasamal rayon təşkilatının fəalları ilə görüşü zamanı deyib.

İcra katibi partiyanın bütün təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını deyib və əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar YAP mütəmadi olaraq yerlərdə fəallarla görüşlər keçirməyə başlayıb: "Onun qələbəsini Azərbaycan xalqı təmin edəcək və partiya olaraq bizim vəzifəmiz də seçki kampaniyasını yüksək səviyyədə keçirmək, öz töhfəmizi verməkdir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib və xalq növbəti beş ildə də İlham Əliyevi prezident görmək istəyir".

Ə.Əhmədov bildirib ki, YAP seçkilərə geniş və sanballı tərkiblə gedir: "YAP təkcə üzvlərinin sayı ilə deyil, üzvləri arasında ziyalıların, böyük nüfuza malik olan şəxslərin olması ilə də seçilir".

YAP-ın Sədr müavini müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlindiyini də xatırladıb: "Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilib və bununla əlaqədar hər hansısa dəyişikliyin həyata keçirilməsi yalnız Konstitusiyada dəyişiklik olacağı təqdirdə mümkündür. Konstitusiyada dəyişiklik isə referendum yolu ilə ola bilər. Hazırda da belə bir proqram yoxdur. Biz indi partiya olaraq qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsi vəzifəsi ilə məşğuluq".

Bütün xəbərlər Facebook səhifəmizdə