Partiya sədri: “Həmsədrlər Azərbaycanı işğal faktoru ilə barışdırmaq istəyirlər” MÜSAHİBƏ
Qüdrət Həsənquliyev: "Azərbaycanda fəaliyyət göstərən cırtdan təşkilatlar çoxluq təşkil edir. "El" hərəkatı və yaradılacaq "Milli Şura"da onlardan biridir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin SƏS TV-yə müsahibəsi:
- ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Azərbaycandadır. Sabahdan başlayaraq hökumət rəsmiləri ilə görüşlər keçirəcəklər. Keçiriləcək görüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyiş gözləmək olarmı?
- ATƏT-in Minsk qrupundan münaqişənin həllində hər hansı bir irəliləyiş gözləmək olmaz. Çünki həmsədrlərin mənsub olduqları ölkələrin Azərbaycana qarşı siyasətində heç bir dəyişiklik baş verməyib. Bu ölkələrin Azərbaycana qarşı yeritdikləri siyasət ermənipərəstdir. Həmsədrlər də münaqişənin həllini uzatmaqla Azərbaycanı işğal faktoru ilə barışdırmaq istəyirlər. Sadəcə olaraq yeni presidentlərin yaranmaması üçün açıq formada bunu Azərbaycana deyə bilmirlər ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyın. Onların bu kimi addımlarına qarşı Azərbaycan ordu quruculuğuna, hərbi sənayenin gücləndirilməsinə xüsusi diqqət yetirməlidir. Bundan sonra da öz torpaqlarımızı azad etməliyik. ATƏT-in Minsk qrupundan nə isə gözləmək absurddur.
- Yaradılması nəzərdə tutulan "Milli Şura"nın üzvlərinin adları açıqlandıqdan sonra siyahıda adı çəkilən insanlar arasında bəzi narazılıqlar oldu ki, onların siyahıdan xəbərləri belə yoxdur. Bu siyahı nələrdən xəbər verir?
- Siyahı tərtib olundu-olunmadı adları çəkilən insanların hər biri Azərbaycanın ictimai-siyasi həyatında olmuş və olan adamlardır. Həmin siyahılarda yeni isimlər və qüvvələr yoxdur. Bu qrumdan da ciddi bir nəticələr gözləməyə dəyməz. Ona görə ki, Azərbaycan xalqı hələlik siyasi proseslərdən uzaqdır. Bu tipli hərəkatlara dəstək vermirlər. Hərəkatın yaradılmasının özü isə qanundankənar bir fəaliyyətdir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq siyasi fəaliyyətlə məşğul olmaq üçün siyasi partiya formalaşdırmaq lazımdır. Siyasi partiyanın da formalaşması üçün ən azı min nəfər insan cəlb olunmalıdır. Onlar üçün isə min nəfəri cəlb etmək çətin məsələdir. Bu səbəbdən də 10-15 nəfər toplaşaraq adını hərəkat qoyduqları qurumu yaratmağa çalışırlar. Onlar bilməlidirlər ki, hərəkatda siyasi partiyalar olmalıdır. Hərəkat mahiyyət baxımından siyasi məfhum olaraq daha böyük, əhatəli bir qurumun olmasını özündə ehtiva edir.
- "El" hərəkatının yaradıcı Eldar Namazov və "Milli Şura" yaratmağa çalışan Rüstəm İbrahimbəyovun son zamanlardakı fəaliyyətləri haqqında nə deyə bilərsiz?
- Rüstəm İbrahimbəyov və Eldar Namazov Rusiyanın ayrı-ayrı siyasi, biznes dairələrinin əlində alət olan şəxslərdir. Azərbaycanda hər kəs bilir ki, onlar Rusiyanın müəyyən dairələri tərəfindən idarə olunur. Bu şəxslər və onların yaratdıqları təşkilatlar barədə ciddi müzakirələrin açılmasını da doğru hesab etmirəm. Azərbaycanda fəaliyyət göstərən cırtdan təşkilatlar çoxluq təşkil edir. "El" hərəkatı və yaradılacaq "Milli Şura"da onlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB