Qüdrət Həsənquliyev: “Ölüm cəzasının tətbiqi labüddür”

Qüdrət Həsənquliyev: “Ölüm cəzasının tətbiqi labüddür”

"Ölüm hökmünün bərpası ilə bağlı müzakirələr açılıb. Amma Azərbaycan hökumətinin buna gedəcəyini düşünmürəm". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürüb: "Ölkə vətəndaşları Avropa İnsan Haqları Məhkəməsinə müraciət əldə etmək hüququ əldə edib. Şəxsi fikrim isə hər zaman ölüm hökmünün tərəfdarı olmuşam. Hesab edirəm ki, sosial ədalətin bərpa olunması baxımından bu cəza növünün tətbiqinə çox böyük ehtiyac var".

Millət vəkili ölüm cəzasının tətbiq olunmasının əleyhinə olanların arqumentlərinə də münasibət bildirib: "Bu cəzanın əleyhinə olanların əsas arqumenti ondan ibarətdir ki, insan özü yaratmadığını, özü öldürə bilməz. Ancaq qanunvericilik qaydasında insanlara başqa birini öldürmək haqqı tanıyırıq. Bu haqq son zərurət, müdafiə vəziyyətində və yaxud cinayətkarın tutulması zamanı, hərbi əməliyyatlar keçirilən zaman vətəndaşlarımıza tanınır. Halbuki qarşıdan gələn əsgər cinayətkar deyil. Amma biz onu öldürürük. Nə üçün? Bir cinayətkar iki körpə uşağın başını kəsir, azyaşlı uşağa təcavüz edərək onu öldürür. Onda biz deyirik ki, yox dövlət onu öldürə bilməz. Yəni bu anormal yanaşmadır və heç kim də buna haqq qazandıra bilməz. Bundan əlavə cinayət zamanı sübutlar tamdırsa, ölüm cəzası tətbiq oluna bilər. Bu baxımdan hər zaman ölüm cəzasının tərəfdarı olmuşam".

Q.Həsənquliyev bildirdi ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində ölüm cəzası cinayətkarlara qarşı tətbiq olunur: "ABŞ,Yaponiya kimi dünyanın yüzdən artıq dövlətində ölüm cəzası nəzərdə tutulub. Düşünürəm ki, sosial ədalət baxımından bu cəzanın tətbiqi labüddür".

Bütün xəbərlər Facebook səhifəmizdə