Gövhər Baxşəliyeva: "Ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib"

Gövhər Baxşəliyeva: "Ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib"

"XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetiriblər". Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin salınmışlar.

"1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələri və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Bakıda Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Ötən əsrdə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-89-cu illərdə, eləcə də Xocalı və digər yaşayış məntəqələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib", - deyə, institutun direktoru vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə