Politoloq Türkiyə-İsrail münasibətlərindən danışdı

Politoloq Türkiyə-İsrail münasibətlərindən danışdı

Bu gün xarici mövzuda yazan jurnalistlərin mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, Türkiyədə baş verən hadisələr və bu hadisələrin regiona təsiri mövzusunda fikir mübadiləsi aparılıb. Konfransda politoloq Elxan Şahinoğlu və mətbuata nümayəndələri iştirak edib.

Tədbirdə açılış sözü ilə çıxış edən politoloq E.Şahinoğlu bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan hakimiyyətə gəldiyi 2002-ci ildən etibarən PKK terror təşkilatı ilə mübarizə aparır. Hər iki tərəfin xeyli itki verməsinə baxmayaraq məsələ müharibə yolu ilə öz həllini tapmayıb: "Həmçinin PKK lideri Abdullah Öcalan da müəyyən müddət ərzində anladı ki, Türkiyənin ərzaisində Kürdüstan dövlətini və ya Kürdüstan Muxtar Respublikasını yarada bilməyəcək. Eyni zamanda Türkiyə hökuməti bu təklifləri qəbul etməyəcək. 30 il davam edən müharibənin sonunda Türkiyədə yaşayan kürdlərin hüquqlarının artırılması müqabilində Öcalanın çağırışı ilə PKK üzvləri silahlarını yerə qoydu. Türkiyənin kürdlərin hüquqlarının artırılması məsələsini qəbul etməsinin başlıca səbəbi isə 5500 üzvu olan PKK-nın 1500 üzvünün Türkiyədə yerləşməsi idi. İndi Türkiyə hökümətinin qarşısında duran əsas məsələ PKK üzvlərinin tərki silah edilməsidir".

E.Şahinoğlu İsrailin "Mavi Mərmərə" məsələsilə əlaqədar Türkiyədən üzr istəməsi hadisəsinə də toxunub. O bildirib ki, Türkiyə və İsrail münasibətlərinin pisləşməsi Azərbaycana da öz mənfi təsirini göstərib: "Çünki, Türkiyə Azərbaycanla ittifaq münasibətindədir. Eyni zamanda Azərbaycan İsraildən silah alır. Təbii ki, Türkiyə-İsrail münasibətlərinin müsbət istiqamətdə inkişafı Azərbaycana da öz müsbət təsirini göstərəcək. Bu münasibətlərin düzəlməsində isə ABŞ-ın prezidenti Barak Obamanın müstəsna xidmətləri var. Prezidentin Yaxın Şərqə səfəri çərçivəsində İsrailin Türkiyədən üzr istəməsi, qarşı tərəfə təzminat ödənilməsini qəbul etməsi və Qəzzanın blokadasının xeyli dərəcədə yumşaldılması buna sübutdur".

Politoloq onu da deyib ki, əgər Vaşinqtonun istəyi olarsa onda Dağlıq Qarabağ münaqişəsi də öz həllini tapar.

Bütün xəbərlər Facebook səhifəmizdə