“Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” YENİLƏNİB-FOTO
Bu gün Bakıda Azərbaycan hökumətinin ev sahibliyi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təşkilatçılığı ilə "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda 50-dən çox ölkənin nümayəndələri, o cümlədən xarici işlər nazirləri, nazir müavinləri, 25-dək beynəlxalq təşkilatın – ISESCO, GUAM, MDB, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və digər qurumların baş katibləri, BMT, ATƏT, NATO və s. beynəlxalq təşkilatların rəsmiləri, habelə 30-a yaxın yüksək səviyyəli ekspert iştirak ediblər.
BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Azərbaycanın beynəlxalq müstəvidə oynadığı rola, dünyada təhlükəsizliyə verdiyi tövhəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev terrorizmə qarşı mübarizənin həmişə aktual olduğunu bildirərək deyib ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. Ölkəmizin dəfələrlə ermənilərin terror aktlarına məruz qaldığını, həmin hadisələr zamanı iki minə yaxın vətəndaşımızın qətlə yetirildiyini, minlərlə insanın xəsarət aldığını deyən Prezident İlham Əliyev erməni terrorizminin hər zaman təcavüzkar separatçılıqla müşayiət olunduğunu və bunun Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə nəticələndiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışan dövlətimizin başçısı bu münaqişənin beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid olduğunu vurğulayıb, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qaldığını bildirdi. Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirdiyini qeyd edən Prezident İlham Əliyev Ermənistanın bu məsələdə "status-kvo"nu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin daim diqqət mərkəzində saxlanılması üçün əlindən gələni etdiyini və 50-dən artıq ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin iştirak etdiyi bugünkü konfransın Bakıda keçirilməsinin də Azərbaycanın bu mövzuya verdiyi əhəmiyyətin daha bir təsdiqi olduğunu bildirib, ötən ilin may ayında ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini zaman respublikamızın bu məsələni diqqətdə saxladığını vurğulayıb.
Terrorizmin ölkələrin tərəqqisinə ən böyük maneə olduğunu söyləyən dövlətimizin başçısı ilk növbədə onun yaranma səbəbləri və inkişafının qarşısının alınması vacibliyinə toxunub. Bəzi hallarda terrorizmi islamla bağlamaq cəhdlərinin, islamofobiya meyillərinin narahatlıq doğurduğunu deyən Prezident İlham Əliyev bunun dünyada milyonlarla insanın hisslərinə toxunduğunu və bu meyillərin qəbuledilməz olduğunu qeyd edib.
Terrorizmə qarşı mübarizədə təhsilin roluna toxunan Prezident İlham Əliyev ölkəmizdə təhsil məsələlərinə böyük diqqət yetirildiyini, savadlılığın səviyyəsinin 100 faiz təşkil etdiyini, informasiya-kommunikasiya texnologiyalarına böyük sərmayələrin yatırıldığını, ölkəmizdə kosmos sənayesinin inkişaf etdiyini bildirib.
Sonra isə BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov BMT-nin baş katibi Pan Gi Munun konfrans iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə Azərbaycanın mühüm toplantıya ev sahibliyi etməsi ilə bağlı minnətdarlıq ifadə olunub. "Bizim ən böyük silahımız səfərbərliyimizdir", - deyən Yuri Fedotov bu konfransın terrorizmə qarşı mübarizə yolları, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün əla fürsət olduğunu söyləyib.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl Tüveycri də konfransın Azərbaycan Prezidentinin dəstəyi sayəsində ərsəyə gəldiyini söyləyib və buna görə də dövlətimizin başçısına minnətdarlığını bildirib. "İslam dini məsum insanların öldürülməsini böyük günah sayır. Ona görə də terrorizm hər hansı dinə məxsus deyildir. Bu, cinayətdir", - deyən İSESCO-nun baş direktoru ümumi hədəfin daha sağlam əməkdaşlığın qurulmasından ibarət olduğunu , əsas səylərin təhsil, elm və mədəniyyətə yönəldilməsinin vacibliyini vurğulayıb.
İclasa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq terrorizmə qarşı mübarizədə konfransın əhəmiyyətini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə müasir dövrdə cəmiyyəti təhdid edən, əsas təhlükə olan terrorizmin qarşısının alınması baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi olaraq önə çəkib.
Tədbirdə çıxış edən milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində iştirak edən fondların aşkarlanaraq fəaliyyətlərinin dayandırıldığını, bu mənbələrin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. Nazir terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığın Azərbaycanın dövlət siyasətində mühüm yer tutduğunu sözlərinə əlavə edib: "Azərbaycan artıq 12 ildir ki, beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorizmə qarşı ardıcıl mübarizə aparır. Son illər həyata keçirilmiş tədbirlər strateji obyektlərə, diplomatik nümayəndəliklərə qarşı terror hücumlarının planlaşdırılmasına cəhdlərin aradan qaldırılması ilə nəticələnmiş, tərəfdaş ölkələrin hüquq mühafizə orqanları ilə müntəzəm məlumat mübadiləsi aparılmışdır. Beynəlxalq terror şəbəkələri və müəyyən dairələr Azərbaycanda dini tolerantlıq mühitini pozmağa və bu fəaliyyəti müxtəlif pərdələr altında həyata keçirməyə çalışırlar. Terrorçuluğun nə islam, nə də heç bir dünyəvi din ilə əlaqəsi yoxdur, əksinə, bu, həmin dinlərin əsaslarına və prinsiplərinə ziddir. Bunları nəzərə alaraq, Milli Təhlükəsizlik Nazirliyi digər dövlət strukturları və ictimai təşkilatlarla birgə məqsədyönlü profilaktik tədbirlər görür. Bu işlər qanunun aliliyi prinsipi əsasında həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov dini radikalizmin və ekstremizmin terrorçuluq üçün əsas bazalardan birinə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, əsasən təhsil səviyyəsinin aşağı olduğu, sosial problemlərin yaşandığı ölkələrdə daha fəal çıxış edən radikal qruplar nə özlərinin, nə də ətrafdakı insanların həyatlarına qəsd etməkdən çəkinmirlər. Statistika göstərir ki, terrorçu qruplaşmaların əksəriyyəti öz addımlarını dini baxımdan əsaslandırsa da, əslində dini zəmində törədilən terror aktları azlıq təşkil edir. Hər şeyi dini motivlərlə əlaqələndirmək yanlış nəticələr doğurar. Din altında pərdələnmiş radikalizm və ekstremizm cəmiyyət üçün təhlükə daşıyır.
Komitə sədri radikal qrupların təsirini azaltmaq üçün cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının, təhsilin səviyyəsinin yüksəldilməsinin, sosial problemlərin həllinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Sonra Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Malinin ədliyyə naziri Malik Kulibali, Mərakeşin daxili işlər naziri Mohand Laenser, Qazaxıstan xarici işlər nazirinin müavini Aleksey Volkov, MDB-nin icraçı katibi Sergey Lebedev və digərlərinin çıxışları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB