Vitse-spiker: "İstədiyimiz dəstəyi ala bilməmişik"

Vitse-spiker: "İstədiyimiz dəstəyi ala bilməmişik"

Azərbaycan terrorla mübarizəyə dair çoxsaylı normativ sənədlər qəbul edib və beynəlxalq konvensiyalara qoşulub. Bu baxımdan bizim haqqımız var ki, belə tədbirlər Azərbaycanda keçirilsin". SİA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov "Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz tolerantlığı ilə seçilən ölkədir: "Azərbaycan bütün dinlərə qarşı yaxşı münasibət bəsləyir və biz bununla fəxr edirik. Eyni zamanda fəxr edirik ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə həmişə ön sıralardadır. Amma təəssüf edirəm ki, bu gün dünyada beynəlxalq terrorizmlə mübarizədə hərəkətə keçməkdən daha çox danışıqlar, bəyanatlar verilir. Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalmış bir ölkədir. Həmişə beynəlxalq tribunalardan da bəyan edirik ki, terrorizmə qarşı mübarizə qaçınılmazdır. Bu məsələdə bütün dünya dövlətləri öz səylərini əsirgəməməlidir. Bu elə bəladır ki, istənilən vaxt istənilən dövlətin qapısını döyə bilər. Amma təəssüflər olsun ki, erməni terroruna qarşı mübarizədə beynəlxalq ictimaiyyətdən istədiyimiz dəstəyi ala bilməmişik. Hesab edirəm ki, bu gün Bakıda keçirilən bu tədbirin yaxşı nəticələri olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə