"Van-Yerevan aviareysinin açılması Ermənistan-Türkiyə münasibətlərinin qurulması demək deyil"
Fazil Mustafa fərqli düşünür

Van-Yerevan aviareysinin açılması Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması anlamına gəlmir. Bunu SİA-ya millət vəkili Fazil Mustafa Van-Yerevan aviareysinin açılaması xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu aviareysin açılması "Türkiyədəki ermənilərin mədəni abidələrini ziyarət etmək üçün" ermənilərin müraciətinə cavab olaraq atılan addımdır: "Bu təzyiqlər Vanda olan erməni abidələrinə Ermənistan vətəndaşlarının ziyarət etmələri üçündür. Türkiyə bunun üçün ermənilərə şərait yaradır. Amma Azərbaycanın Türkiyədən umacağı iki məsələ var. Bunlar Türkiyə-Ermənistan diplomatik əlaqələrinin qurulmaması və sərhədlərin açılmaması məsələsidir. Türkiyə bu məsələlərin heç birində Ermənistana güzəştə gedəcək addım atmırsa, bu ölkəyə irad bildirməyimiz düzgün deyil. Çünki dövlət olaraq Türkiyənin də beynəlxalq arenada yürütdüyü siyasət var. Hesab edirəm ki, bu məsələnin belə şişirdilməsi doğru deyil. Bu aviareyslər ticari məqsədlə təşkil olunmuş olsa belə Vandan hər hansı bir erməni iş adamının İstanbula gəlməsi əlverişli deyil. Bu baxımdan da bu məsələdə narahatedici bir durum görmürəm. Türkiyə-Azərbaycan münasibətlərinin korlanmasına dair açıqlamalar verilməsinin də əleyhinəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə