Van vilayəti ilə bütün iqtisadi əlaqələrimiz kəsilə bilər

Mübariz Əhmədoğlu: “Van-Yerevan aviareysinin açılması Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir”
Van vilayəti ilə bütün iqtisadi əlaqələrimiz kəsilə bilər

Van-Yerevan aviareysinin açılması Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir. SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu günü keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bu aviareysin açılması Türkiyə-Ermənistan münasibətlərin normallaşmasına səbəb olacaq: "Türkiyənin bu addımı bu ölkənin prezidenti, baş naziri, parlamentin spikeri və digər rəsmilərinin dəfələrlə verdikləri rəsmi bəyanatlara və nümayiş etdirdikləri mövqe ilə daban-dabana ziddir.Türkiyə hökumətinin rəsmi icazəsi olmadan heç bir təyyarənin uçuşuna icazə verilə bilməz. Yəni heç bir sahibkarın Türkiyə hökimətinin icazəsi olmadan səmaya təyyarə qaldırmağa ixtiyarı yoxdur. Aviareysin açılması üçün üç əsas mərhələ var. Birinci, Türkiyə baş naziriliyinin nəzdində olan aviareyslərin uçuşuna icazə verən qrumdan icazə alınmalıdır. İkinci, Sərhəd keçid məntəqəsi yaradılmalıdır ki, Türkiyəyə daxil olan erməniləri yoxlasın. Nəhayət üçüncü, Türkiyə xarici işlər nazirliyinin verdiyi vizadır. Burdan da aydın olur ki, Van-Yerevan aviareysinin açılması Türkiyə rəsmilərinin birbaşa iştirakı ilə reallaşdırılır. Azərbaycanın gözünə kül üfürmək lazım deyil".

Bundan başqa politoloq bildirib ki, Ermənistan Türkiyə-Azərbaycan münasibətlərinə dair nə iş görürsə, əsas hədəf Türkiyə deyil, Türkiyə-Azərbaycan münasibətləri və Azərbaycandır: "Van-Yerevan aviareysi Azərbaycan-Türkiyə münasibətlərinə də birbaşa təhdiddir. Ermənilər və onların havadarları Azərbaycan-Türkiyə münasibətlərini yenidən sınağa çəkmək istəyirlər. Van-Yerevan aviareysinin iqtisadiyyat və turizmlə qətiyyən əlaqəsi yoxdur - sırf siyasi layihədir. Ermənistanla əməkdaşlıq edən, hətta adı əməkdaşlıqda keçən Türkiyə şirkətlərinin məhsullarının Azərbaycana daxil olmasına qadağa qoyula bilər. Van vilayətinin Azərbaycanla bütün iqtisadi əlaqələrinin kəsilməsi məsələsinin gündəliyə gətirilməsi mümkündür. Van vilayətindən çıxmış iş adamlarının rəhbərlik etdikləri şirkətlərin məhsullarının boykotu başlana bilər. Van vilayətinin Ermənistanla əlaqələrdən qazancı Azərbaycanla əlaqələrin kəsilməsi zamanı itkilərindən daha az olacaq".

Politoloq qeyd etdi ki, Türkiyənin bu məsələdə mövqeyi mütləq dəyişməlidir. Çünki bu addım Türkiyə hökumətinin və dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə