Nazirlər Kabinetinin illik hesabatı dinləniləcək

Nazirlər Kabinetinin illik hesabatı dinləniləcək

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda ilk olaraq dünyasını dəyişmiş millət vəkili Hikmət Atayevin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatı dinləniləcək. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılıb. Hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilir.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu gün Milli Məclisin 2013-cü il yaz sessiyasının beşinci iclasıdır və Nazirlər Kabineti özünün ötənilki fəaliyyətinə dair hesabat verir: "Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatların məzmunu və strukturu ilbəil təkmilləşdirilir, iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən meyillər cədvəllərdə və diaqramlarda göstərilməklə, ətraflı təhlil olunur. Müzakirəyə təqdim olunmuş hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilib".

Sonra Baş Nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyət barədə hesabat məruzəsi ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə