Bu gün Qaradağ rayon Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Qubatov və Zəfər Əliyev, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonundan deputat seçilərkən 1999-cu ildə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının konfransındakı çıxışından fraqmentin nümayişi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini qeyd edib. 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulduğunu, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişərək, iqtidar partiyasına çevrildiyini, ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirdiyini, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdiyini söyləyib. Ulu öndər Heydər Əliyevin qoyduğu tarixi ənənələrin bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən sədaqətlə həyata keçirilməkdə olduğunu bildirib. Artıq 10925 nəfəri özündə birləşdirən YAP Qaradağ rayon təşkilatının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, uğurlu siyasətini hər zaman dəstəklədiklərini xüsusilə vurğulayıb.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı öz nitqində ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycanımızı bu bəladan qurtardığını və qısa zaman kəsiyində dünya dövlətlərinə tanıtdığını bildirib. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan YAP-ın siyasətinin ana xəttini ərazi bütövlüyümüzün bərpa olunması, Vətənimizin mənafeyinin qorunması, hüquqi dövlət, azərbaycançılığı tərənnüm edən milli birliyin yaranması kimi vacib məsələlər təşkil etdiyini qeyd edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Mixail Zabelin partiya sıralarında Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq, millətinə bağlı olan insanların təmsil olunduğunu, zamanın çətin sınaqlarından çıxan, öz ətrafında cəmiyyətimizin ən intellektual təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu ictimai-siyasi qüvvəyə çevrildiyini söyləyib.
Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının fəallarına fəxri fərmanlar və yeni qoşulanlara partiya biletləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB