Bəxtiyar Sadıqov: “Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir”

Azərbaycan dövlət müstəqilliyinə çox ağır və mürəkkəb vaxtda qədəm qoydu. Qırmızı imperiyanın parçalanması, uzun illər boyu daşlaşmış iqtisadi əlaqələrin sürətlə pozulması, ölkəni bürüyən tətillərin təsiri azərbaycandan da yan keçmədi. Siyasi böhranın ardınca iqtisadi böhran başlandı. SİA-nın məlumatına görə, bunu bu gün "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkilinin sözlərinə görə, bir-birinin ardınca iqtidarda olan, lakin qısa müddətdə xalqın etimadını itirərək hakimiyyət kürsüsünü tərk edənlər işlədikləri müddətdə nəinki vəziyyəti düzəldə bilmədilər, əksinə ümummilli böhranı daha da dərinləşdirdilər: "Nəticədə Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək, qədimlərdə olduğu kimi xırda xanlıqlara parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Yalnız ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra bu sahədə ciddi dönüşün əsası qoyuldu. Müharibədə atəşkəs əldə edildi, əhalidəki külli miqdarda qeyri-qanuni silahlar toplandı, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı. Ulu öndər eyni zamanda bir neçə istiqamətdə fəaliyyət göstərməyi bacaran dahi şəxsiyyətlərdən idi. Azərbaycanın informasiya blokadasından çıxarılması, dünyaya inteqrasiyası, Xəzərin karbohidrogen ehtiyatlarından istifadə, bazar iqtisadiyyatı münasibətlərinə keçidi şərtləndirən iqtisadi, siyasi, hüquqi islahatları gecikdirmək olmazdı. Beləliklə, "Əsrin müqaviləsi" neft kontraktı imzalandı, yeni Konstitusiya qəbul edildi, özəlləşdirmə proqramları həyata keçirildi və tədricən ümummilli böhran aradan qaldırıldı".

B.Sadıqov deyib ki, tarixən qısa zaman kəsiyində görülən bütün bu işlər həm də Azərbaycanın sürətli inkişafının, modernləşməsinin təməli idi: "Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev müəllifi olduğu "Düşünülmüş, sürətli və davamlı" inkişaf konsepsiyası əsasıda dünyada tanınan və qəbul edilən "İnkişafın Azərbaycan modeli"ni yaratmaqla ölkəni qısa müddətdə modenrləşdirdi. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti, BMT TŞ-nın qeyri-daimi üzvü, demokratiya yolu ilə inamla gedən ölkədir".

Bütün xəbərlər Facebook səhifəmizdə