MDİ-nin ofis rəhbəri özünü maraqlı tərəf kimi aparır MÖVQE

Hikmət Babaoğlu: “Aleks Qriqorevsin mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşmür”
MDİ-nin ofis rəhbəri özünü maraqlı tərəf kimi aparır MÖVQE

Ümumiyyətlə, ölkədə baş verən hər hansı bir hadisədən sui-istifadə halları, ölkənin ictimai-siyasi gündəmini bu məsələlərlə məşğul etmək cəhdləri son dövrlərdə Azərbaycan müxalifətinin əsas fəaliyyət prinsipinə çevrilib. Təbii ki, Azərbaycan cəmiyyəti də bunun fərqindədir. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

H.Babaoğlunun sözlərinə görə, bu gün Azərbaycanın siyasi gündəliyində (ölkənin iqtisadi-inkişafı, xarici siyasət, Dağlıq Qarabağ və s.) prioritet məsələlər var: "Belə olan təqdirdə anti-azərbaycançı mərkəzlərin ölkənin daxili siyasətinə diqtə edərək, ayrı-ayrı epizodları istismar etməsi yolverilməzdir. Məhz buna görə də müxalifət dairələri bu tip metodlardan istifadə etdikcə, ətrafında olan üç-beş nəfəri də itirməyə məcbur olurlar. Əsas məsələ isə budur ki, Azərbaycan bütün istiqamətlərində (neft, qeyri-neft sektoru və s.) getdikcə inkişaf edir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, özünün ərzaq təhlükəsizliyi problemini həll edib. Ərzaq probelmini həll edən bir dövlət güclü dövlət hesab olunur. Bütün bunlar heç şübhəsiz ki, ölkə daxilindəki bəzi qüvvələrin, eyni zamanda ölkə xaricindəki bəzi anti-azərbaycançı, erməni mərkəzlərinin narahatlığına səbəb olur. Buna görə də Azərbaycanın daxilində fəaliyyət göstərən radikal müxalifət ölkədə mövcud olan sabitliyi pozmağa və s. cəhdlər göstərirlər. Təbii ki, martın 10-da "Əsgər ölümünə son" şüarı altında müxalifətin təşkil etdiyi qanunsuz aksiya da buna bariz sübutdur. Ölkədə elə bir Azərbaycan vətəndaşı tapılmaz ki, əsgər ölümünü pisləməsin. Ancaq bundan sui-istifadə etmək olmaz".

Baş redaktorun sözlərinə görə, ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsi də müxalifətin təşkil etdiyi bu aksiyanı maliyyələşdirməklə özünün maraqlı tərəf olduğunu açıq-aşkar nümayiş etdirib: "Amma hesab etmirəm ki, A.Qriqorevsin mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşür. Amerika Azərbaycanın enerji, iqtisadiyyat, mədəniyyət sahəsində, eləcə də siyasi platformada strateji tərəfdaşıdır. Hesab edirəm ki, ABŞ-ın MDİ da anti-azərbaycançı mərkəzlərin sifarişləri əsasında bu işləri həyata keçirib. Hətta bununla bağlı 2 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Təbii ki, bütün bunlar Azərbaycanda daxili sabitliyi pozmağa yönəlik bir prosesdir. Ümumiyyətlə, isə belə təşkilatlar beynəlxalq münasibətlər elminin nəzəriyyəsində gözdən yayınmayıb. Hətta bu cür təşkilatlara "beynəlxalq təzyiq qrupu" adı verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə