Maşallah Əhmədov: “Bu xəbəri eşidəndə, sanki başıma qaynar su tökdülər” MÜNASİBƏT

Maşallah Əhmədov: “Bu xəbəri eşidəndə, sanki başıma qaynar su tökdülər” MÜNASİBƏT

"Belə bir söhbət yoxdur. Bunun hamısı yalan informasiyalardır. Dünən evimdə oturub televizora baxırdım, birdən eşitdim ki, guya mən "El" adlı hərəkatın ya təşkilatın üzvüyəm. Bu xəbəri eşidəndə sanki başıma qaynar su tökdülər. Vallah, bilmirəm bu nə məsələdir. Mənim belə bir təşkilatın mövcudluğundan xəbərim yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti, bir zamanların məşhur futbolçusu Maşallah Əhmədov deyib.

Bu gün ölkənin bəzi kütləvi informasiya vasitələrində onun guya "El" hərəkatının üzvü olması ilə bağlı yayılan məlumatlara münasibət bildirən M. Əhmədov bunu eşidincə, çox təəssüfləndiyi bildirib: "Mən heç bilmirəm ki, belə bir təşkilat var, ya yoxdur. Siyasətdən uzaq adamam, belə bir siyasi təşkilatın mövcudluğunu belə bilmirəm".

"Xəbərlərdə gedən informasiyalarda Maşallah Abdullayevi göstərib mənim adımı çəkirlər. Əlimdə dünənin çəkilişləri var. Dünən ANS-də olmuşam və demişəm ki, mən belə təşkilat tanımıram. Abdullayevin əvəzinə, mənim adımı yazıblar. ANS-dən gecə saat 12-də qayıtmışam. Bu hərəkatın üzvü deyiləm, niyə adımı orada hallandırırlar? Hərəkatın rəhbərinin kim olduğunu belə bilmirəm. Dünən eşitdim ki, Eldar Namazov deyilən biridir, lakin onlar da deyiblər ki, Maşallah Abdullayevin əvəzinə, səhvən mənim adım gedib. Tanınmış insanam deyə belə xəbərlərlə məni hörmətdən salmaq istəyirlər",- deyə məşhur futbolçu fikirlərinə əlavə edib.

Qeyd edək ki, dünən "El" hərəkatı rəsmən elan olunub. El Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Namazov qrupun sədri seçilib. Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Əhmədovun daxil olduğu deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə