Azərbaycanda sabitliyin pozulmasında kimlər maraqlıdır?

Sədaqət Vəliyeva: “Demokratiya bir inkişaf prosesidir və onu hər bir xalq milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçir"
Azərbaycanda sabitliyin pozulmasında kimlər maraqlıdır?

"İctimai sektorla bağlı aparılan müzakirələr, həqiqətən, cəmiyyətimizin də diqqət mərkəzindədir. Çünki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, plüralizmin formalaşmasına təkan verən QHT-lərin, ictimai birliklərin, fondların fəaliyyətində şəffaflığın olması hər kəsin marağındadır. Bu isə ilk növbədə Azərbaycanımızın demokratik inkişafı ilə bağlıdırsa, eyni zamanda, ölkəmizin sabitliyi, təhlükəsizliyi ilə də əlaqəlidir. Elə ona görədir ki, "Qeyri-hökumət təşkilatları haqqında" və "Qrant haqqında" qanunlara edilən əlavə və dəyişikliklər cəmiyyətimizin böyük əksəriyyəti, daha doğrusu, ölkəmizin stabil inkişafında maraqlı olan insanlar tərəfindən dəstəklənir". Bunu YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

Milli Məclisin deputatı bildirib ki, təəssüflər olsun ki, ictimai sektorda şəffaflığın olmasını istəməyənlər də üzə çıxırlar: "Təhlil apardıqda da görürük ki, onlar əsasən, müxalifətin ətrafında olan QHT sədrləri və digər şəxslərdir. Axı nə üçün, hansı səbəbdən onlar QHT-lərin maliyyələşməsində şəffaflığın olmasını istəmirlər? Bu suala cavab axtararkən, o qədər də güclü tədqiqatlara ehtiyac da duyulmur. Çünki, aydındır ki, bu günə qədər "beşinci kolon"un ünsürləri olan həmin qüvvələr məhz, QHT-lərinə xarici təşkilatlardan və digər strukturlardan köçürülən maliyyə vəsaitləri əsasında anti-milli fəaliyyətlərə dəstək verirlər. Qısa bir hesablama aparmışam və sonda həddindən artıq maraqlı bir mənzərə ortaya çıxıb. İstərdim ki, onu diqqətinizə çatdırım. Belə ki, rəsmi olaraq, qeydə alınmış qrant müqavilələrindən görürük ki, bir il ərzində Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu 460 min manatdan və 2.3 milyon dollardan, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (Ayreks təşkilatı) 90 min dollardan, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu 211 min dollardan, Marşal Fondu – 132 min dollardan, ümumilikdə isə 460 min manatdan və 2.7 milyon dollardan artıq maliyyə vəsaitini Azərbaycan QHT-lərinə ayrılıb. Təbii ki, burada ən çox vəsait alan təşkilatların elə müxalifətə yaxın QHT-lər olması üzə çıxır. Bundan başqa, ABŞ-ın Milli Demokratiya İnstitutu, Almaniyadakı Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert fondları və digərləri də QHT-lərə qrantlar vasitəsilə maliyyə ayırırlar. Lakin cəmiyyət əmin olmalıdır ki, ayrılan bu qədər vəsait həqiqətən də, Azərbaycanın demokratik inkişafına sərf olunur. Çünki, bunun hələ qeyri-rəsmi tərəfləri də var.

Mən müxalifətin "mətbəxinə" işləyən QHT-lərin adlarını çəkməyə ehtiyac görmürəm. Çünki, cəmiyyət özü hər şeyi və hər kəsi yaxşı görür. Buyurun, ötən günlərdə adları hər kəsə bəlli olan təşkilatların və dövlətlərin birbaşa dəstəyilə guya demokratiya naminə mahnı müsabiqəsi elan ediblər. Bu nə deməkdir? Demokratiyanın inkişafı mahnı və ya digər vasitə ilə mümkün deyil axı. Demokratiya bir inkişaf prosesidir və onu hər bir xalq milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçir. Hansısa ölkənin demokratiya modelini digərlərinə güclə tətbiq etmək mümkün deyil. Əyani nəticəsini də ərəb ölkələrinin, bir sıra postsovet dövlətlərinin timsalında görürük".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, respublikamız 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etdi, həmçinin, Azərbaycanın hərtərəfli şəkildə tərəqqi etməsi, infrastruktur və təhlükəsizlik baxımından əlverişli ölkə olması respublikamızın I Avropa Oyunlarını keçirmək hüququnu əldə etməsinə gətirib çıxardı: "Bu günlərdə də Azərbaycan kosmik ölkələr klubuna daxil oldu. Lakin hər zaman olduğu kimi, Azərbaycanın sürətli inkişafı və beynəlxalq münasibətlər sisteminin fəal aktorlarından birinə çevrilməsi müxtəlif anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Ona görə də, onlar çalışırlar ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə xələl gətirsinlər".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı sərəncamlarla "Qeyri-hökumət təşkilatları haqqında" və "Qrant haqqında" qanunlara edilən əlavə və dəyişiklikləri təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə