Separat görüşlər nəticəsiz qalır

Səfirlik nümayəndələri ilə dağıdıcı müxalifətin görüşləri ifasa uğrayır
Separat görüşlər nəticəsiz qalır

Müxalifətin radikal qanadı vaxtaşırı olaraq ölkəmizdə akreditasiya olunan müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə görüşlər keçirirlər. Bu kimi separat görüşlər Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Çünki, hər belə görüşlərdən sonra müxalifət icazəsiz aksiyalar keçirirlər. Bu məsələyə siyasət adamlarının münasibəti necədir?

Aydın Mirzəzadə, millət vəkili:

- Artıq bu görüşlər adi bir hal alıb. Görüş yalnız bir cinahın təmsilçiləri ilə - müxalifət nümayədələri ilə baş tutur. Bu barədə vaxtaşırı Azərbaycan cəmiyyətində suallar yaranıb, bu suallara görüş iştirakçılarından cavab istənilir. Belə fikirlər də səsləndirilir ki, görüşlərdə Azərbaycanın daxili işlərinə qarışacaq fəaliyyət müzakirə edilib. Səfirlik nümayəndələri isə bunun belə olmadığını bildirirlər. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycanda seçkilər, dövlətçiliyin formalaşması və prioritet istiqamətlərin seçilməsi ancaq daxili resurslar hesabına, Azərbaycanın milli maraqları əsasında formalaşa bilər. Bunu da Azərbaycan cəmiyyəti özü etməlidir. Əgər hansısa xarici qüvvələr, hansısa səfirlik bunu etməyə cəhdlər edərsə, o qüvvələr Azərbaycan cəmiyyətindən heç bir dəstək almayacaq.

Elşən Musayev, Demokratik Marifçilik Partiyasının sədri:

- Xarici ölkələrin diplomatik korpusunun müxalifət funksionerləri ilə separat görüşlərinə yaxşı heç bir şərh vermək mümkün deyil. Çünki, keçirilən bu görüşlər həmin diplomatların vəzifə təyinatına da, üzərlərində daşıdığı missiyaya da tamamən ziddir. Yox, əgər bu addım sadəcə, ölkədəki ictimai-siyasi durumla yaxından tanışlıq məqsədi daşıyırsa, o zaman aparılan müzakirələrin mahiyyəti, məğzi barədə də ictimaiyyət məlumatlandırılmalıdır.

Ayrıca, bu müzakirələrin hər seçki öncəsi mütəmadi xarakter alması, intensivləşməsi bizlərdə belə bir qənaət hasil edir ki, demək ortada gizli və təfsilatı kimsəyə məlum olmayan səbəblər var. Və yaxud digər bir nüans: Ölkədə bu qədər sayda rəsmi dövlət qeydiyyatından keçmiş və aktivlik dərəcəsi yüksək olan siyasi partiyalar var. Onlar niyə həmin müzakirələrə dəvət almırlar? Yaxşı, əgər məqsəd sadəcə, ölkədə baş verən prosesləri izləməkdirsə, fikir mübadiləsi aparmaqdırsa, o zaman sadə bir məntiqlə həmin siyasi təşkilatlar da aparılan müzakirələrdə iştirak etməlı idi, deyilmi? Amma gördüyünüz kimi ortadakı məlum mənzərə çox fərqlidir. Dilomatik korpusun bütün diqqəti yalnız və yalnız iqtidarla amansız düşmən olan siyasi xəttin üzərinə yönəlib, sadəcə onların fikirlərini dinlənilir. Bu isə o deməkdir ki, ortada bizə məlum olmayan daha dərin mətləblər var!

Ən nəhayət, qeyd etmək yerinə düşər ki, biz 2005-ci ildə diplomatik korpusun son dərəcə qeyri-etik sayıla biləcək həmləsi ilə artıq bir dəfə qarşı-qarşıya gəlmişik – ABŞ səfiri Rino Harnişin timsalında. Və ya, o zaman da səfir öz təyinatına aid olmayan işlərə baş qoşub ölkədə baş verən prosesləri izləmək adı ilə əslində həmin proseslərə birbaşa müdaxilə cəhdində bulunmuşdu. Müxalif funksionerlərlə aşırı təmasa girərək dövlətin daxili işlərinə birmənalı şəkildə qarışmışdı. Siyasi məzmunlu bəyənatlar, açılamalar vermişdi. Bu gün həmin proseslərdən düz 8 il ötüb. Amma unutmaq lazım deyil ki, həmin hadisələrin təkrarından da sığörtalanmamışıq. Belə olan halda isə, diplomatik korpusun - hətta özundə ən kiçik ziddiyyət və şübhə yaradan fəaliyyəti belə dövlət və vətəndaş cəmiyyətinin bütün üzvləri tərəfindən ciddi təftiş olunmalı, gərəkirsə həmin fəaliyyətin üzərinə gedilməli, müvafiq insanlardan açıqlama tələb edilməlidir"

Tahir Kərimli, Vəhdət Partiyasının sədri:

- Qərb bəzi ölkələrdə insan hüquqlarını bəhanə edərək həmin dövlətin daxili işlərinə qarışır. Bununla yanaşı elə dövlətlər var ki, orada insan hüquqları kobud şəkildə pozulur. Lakin buna heç bir reaksiyalar verilmir. Bu gün də Qərb dövlətləri müxalifətlə təmasını insan hüquqları ilə, demokratiyanin inkişafı ilə bağlıyırlar.

Qərb müxalifət qüvvələrini Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi əlində saxlayır və buna görə də onlara yardım edir. Bütün bu məsələlər inkar oluna bilməz. Qərb dövlətləri bir yandan açıqlama verir ki, biz Azərbaycanın daxili işlərinə qarışmırıq. Digər yandan da təzyiq vasitəsi kimi müxalifətə hər cür yardım edir ki, müxalifəti güc kimi ortaya gətirsin. Lakin bunlar alınmır. Ona görə də pərt olmuş bir duruma düşüb. Nə edirlərsə bu müxalifətdən bir şey düzəldə bilmirlər. Bütün hallarda cəhdlər baş tutmur. Ona görə ki, müxalifət sosial dayaqlarını itirib. Bu gün müxalifət çox ciddi sosial baza problemi yaşayır. Bunun üçün onlara dəstək lazımdır. Müxalifət də bu dəstəyi də ala bilmir.

Bu yaxınlarda mətbuatda müxalifət liderlərinin çıxışlarını dinlədim. Bu çıxışların mahiyyəti də ondan ibarətdir ki, onlar diplomatik nümayəndələrə şikayətlər ediblər. Danışıqlar da yalnız Azərbaycanın daxili vəziyyətindən şikayətlərdən ibarət olub. Maraqlıdır, əgər Azərbaycanın daxilində bir problem varsa, bunu niyə özgələrə şikayət etməlidirlər? Qonşu Türkiyədə hər hansı bir partiya sədri gedib ABŞ səfiri ilə görüşsə və bu görüş məlum olsa, o səhərsi gün istefa verər. Azərbaycanda isə müxalifət qüvvələri sevindiyindən qoşulurlar bir-birinə qaqqıldaşırlar. Dədə evi kimi gedib ABŞ səfiri ilə görüşürlər. Sonra da bildirirlər ki, diplomatiyadır, görüş qapalı saxlanılmalıdır. Əslində, onlarla müzakirə ediləcək hər hansı bir məsələ yoxdur. Sadəcə belə görüşlər şikayət məqsədi daşıyır. Yardım istəyirlər. Onların da belə pərakəndə hala düşməsi aydın məsələdir. Xalqı o qədər aldadıblar ki, artıq xalq onların kimliyini yaxşı bilir.

Niyaməddin Orduxanlı, BAXCP sədrinin müavini:

- Müxalifətin diplomatik nümayəndələrlə görüşündə başqa partiyalarda dəvət alıb. Eyni zamanda BAXCP-də keçirilən görüşlərdə iştirak edib. Bu görüşlərin mətbuat üçün qapalı keçirilməsi nəzərdə tutulub. Lakin burada ölkədə keçirilən seçkilər, insan hüquqları və s. məsələlərə toxunulub. Təəssüflər olsun ki, bu görüşləri bəzi müxalifət qüvvələri ictimaiyyətə qeyri-adi formada təqdim edir. Təbii ki, bu siyasi spikulyasiyadan irəli gəlir. Bununla da öz ətrafında olan insanları və cəmiyyəti inandırmağa çalışırlar. Müxalifətin diplomatik korpuslarla görüşməsi onların "hakimiyyətə gəlirik" mesajı ola bilməz. Bu məsələlər Azərbaycan xalqının iradəsindən asılıdır. Bunu yalnız xalq müəyyən edir. Bütün bunlar siyasi şoulardan başqa bir şey deyil. Yalnış bəyanatlar verməklə, ətrafına qüvvələr cəlb etmək cəhdləri heç bir nəticə vermir və verməyəcədə. Çünki ortada xalqın dəstəyi yoxdur.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə