ATƏT DTİHB missiyası: “Aparılmış analizlər yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur”
ATƏT-in şübhəli rəyi

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı üçüncü aralıq rəyini açıqlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, açıqlanan rəydə prezident seçkilərinin nəticələrinin şübhə altına alındığı məqamlar da var.

Rəydə qeyd olunur: "Missiya MSK-nın açıqladığı rəsmi rəqəmləri analiz edib. Analiz yüksək seçici fəallığı ilə hazırkı prezidentin lehinə verilmiş səslər arasında qarşılıqlı əlaqənin olduğunu ortaya qoyur. Bu fakt ümumilikdə seçki prosesinə əminliklə bağlı narahatlıq yaradır".

Üçüncü aralıq rəydə açıq şəkildə yer almasa da, müşahidəçilər səsvermədə iştirak edən seçicilərin sayının süni şəkildə artırıldığına və artırılmış səslərin prezident Serj Sarkisyanın lehinə yazıldığına işarə vurublar.

Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkilərlə bağlı yekun rəyi təxminən iki ay sonra açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə