Mübariz Qurbanlı: “Budurmu Fransa demokratiyası, Avropa dəyərləri?” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, Rüstəm İbrahimbəyov "Media Foruma" müsahibəsində bildirib ki, Azərbaycan bir həbsxanadır və ölkə qanunsuz yollarla idarə olunur. Bununla belə qeyd edib ki, Azərbaycana gələcəyi təqdirdə həbs oluna bilər. Bu məsələlərə sizin mövqeyiniz necədir?
- Rüstəm İbrahimbəyov həmin müsahibəsində özü də etiraf edir ki, o siyasət adamı deyil. Siyasətdə olmaq iddiası da yoxdur. Bu etiraf göstərir ki, siyasət adamı olmadığından R.İbrahimbəyov çıxışlarında, açıqlamalarında səhvlərə yol verir. Yəni hansısa emosional bir təsir altında və ya ətrafındakılardan aldığı məlumatlar əsasında açıqlamalar verir. Sonradan isə bəlli olur ki, onun bu açıqlaması heç də obyektiv vəziyyəti özündə əks etdirmir. Buna görə də onun yaydığı məlumatlar yalnış olur. Onun açıqlamasından da bir daha aydın olur ki, R.İbrahimbəyov qərəzli mövqedən çıxış edir. Azərbaycan və hakimiyyətlə bağlı onun dedikləri tamamilə qərəzlidir. Azərbaycan onun dediyi kimi həbsxana idisə, R.İbrahimbəyov bu "həbsxana"nı nədən bir neçə il əvvəl görməyə başlayıb? Əvvələr də Azərbaycan fəaliyyət göstərirdi, ölkəyə gəlib gedirdi. Hətta hökumətin ayırdığı vəsaitlə Azərbaycanda festival keçirirdi. Onda həbsxana deyildi? Birdən birə R.İbrahimbəyovun hansısa marağına uyğun olmayan hadisə, şəxsi marağına uyğun olmayan hadisə baş verdikdə birdən-birə Azərbaycan həbsxanaya döndü. Buradan da aydın olur ki, onun dediklərində nə ardıcıllıq yoxdur, nə də bütövlüdə məntiq yoxdur. Hesab edirəm ki, onun dediyi bu fikirlər, səsləndirdiyi tezislər ictimai rəydə əks-səda doğurmur, təsir buraxmır. Çünki onun əvvələr dedikləri indi söylədikləri ilə tərs mütənasibdir. Əgər R.İbrahimbəyov Azərbaycana gəlmək istəyirsə, istədiyi vaxt gələ bilər. Amma düşünürsə ki, o buraya gəldikdə Kinomatoqrafiya İttifaqında baş vermiş olan qanun pozuntularına, orda aparılmış maliyyə yoxlamasında aşkara çıxarılımış faktlara görə istintaqa cəlb olunacaqsa bu məsələyə də normal yanaşmalıdır. Bu və ya digər yerdə qanun pozuntusu varsa, müvafiq qurumlar araşdırma aparırsa, araşdırmaya uyğun şəkildə hər kəsi danışdırıla bilər. Burdan da görünür ki, o bu məsələdə çəkinir və bura gəlsə həbs edə bilər. Əgər özünə inanırsansa, düzgün olduğuna əminsənsə bu cür özündən şübhələnmək, xoflanmaq nəyə lazımdır? Hesab edirəm ki, onun dedikləri tamamilə subyektiv xarakter daşıyır. Bütövlükdə Azərbaycandakı vəziyyəti yalnız qara rəngdə göstərməkdən başqa bir şey deyil. Onun ətrafına yığışanlar bütövlükdə Azərbaycanın beynəlxalq miqyasda ermənilərə qarşı mübarizəsinə dəstək verməlidirlər. Fəaliyyətlərini Azərbaycana dəstək istiqamətində qurmalıdırlar. Amma biz bunun əksini görürük. Əkrəm Naibovun bədnam "Daş yuxular"ı ortaya çıxıdı. Azərbaycanda hər kəs bununla bağlı fikirlərini dedi. Bunun bütövlükdə xalqımız üçün ziyanlı olduğunu bildirdi. Amma biz nəyi gördük? Bir qisim adamlar bu məsələdə susdular və ya açıqlamalarında "Daş yuxular"ı müdafiə etdilər. Bu əsəri müdafiə edənlərin sırasında R.İbrahimbəyov da vardı. O, Əkrəm Naibovu müdafiə etdi və bununla bağlı açıqca fikir söylədi. Əgər R.İbrahimbəyov Ə.Naibovu müdafiə edirsə, bu əsərdəki fikirləri, tezisləri də müdafiə edir. Belədirsə onun bu açıqlamaları tamailə yersizidir. Əksinə, o özünü dünyada şəxsiyyət kimi, incəsənət adamı kimi görürsə və həmişə bildirdiyi kimi Amerikada, Avropada, Rusiyada çoxlu dostlarından istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq daha düzgün olmazdımı?
- Fevralın 26-da Xocalı faciəsi abidəsini ziyarət edənlər arasında "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylisli də olub. Bu insan bildirib ki, onun gizlin olaraq bu abidəni ziyarət etməsi hələ də adı çəkilən bu əsərin gündəmdən düşməməsi ilə bağlıdır. Siz bu haqda nə deyə bilərsiniz?
-Ə.Əylislinin "Daş yuxular" əsəri bizə çox böyük bir zərbə vurdu. Əgər bu insan öz səhvini başa düşübsə və xalqdan üzr istəyirsə o zaman Azərbaycan xalqı onun günahının bir faizindən keçə bilər. Bu insan xalq arasına çıxaraq, birmənalı şəkildə, bu əsərdən imtina etməlidir. Ə.Əylisli deməlidir ki, o bu əsəri yazarkən hipnoz altında olub, ya da ki, ermənilərin təsiri altında bu işə sövq edilib. Bu insan xalqdan üzr istəməlidir. Əgər o xalqa vurduğu ziyanı dərk edibsə, gərək bunu etiraf etsin.
- Ötən gün Bosniya və Hersoqovinanın Parlament Məclisi Xocalı soyqımını, soyqırım aktı kimi tanıyıb. Sizcə, daha hansı ölkələr bu kimi addımlar ata bilər?
- Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində böyük işlər görülməkdədir. Məlumdur ki, cənab prezident İlham Əliyev "hücum diplomatiyası"nı Azərbaycanın bütün qurumları qarşısında qoyub və adıçəkilən bu diplomatiya da öz effektini verməkdədir. Biz ermənilərlə ideoloji-siyasi baxımından dünya miqyasında, beynəlxalq təşkilatlarda, eləcə də ayrı-ayrı ölkələrdə mübarizə aparırıq. Ermənilər nəyin bahasına olursa-olsun öz cinayətlərini ört-basdır etmək istəyirlər. İşğalçı ölkə saxta, qondarma erməni soyqırımı adı altında çirkin metodlardan istifadə edərək Azərbaycana və Türkiyəyə qarşı mübarizə aparırlar. Belə olan şəraitdə Azərbaycan və Türkiyə birlikdə ermənilərin cinayətlərini ifşa etmək üçün fəaliyyət göstərməlidirlər. Təbii ki, bu fəaliyyətimiz də çox geniş şəkildə davam etməkdədir. Hazırda Amerikanın (ABŞ) altı ştatının qanunverici məclisində Xocalı soyqırımı tanınıb. Məlumdur ki, ABŞ prezidentinin saytında adı çəkilən faciə ilə bağlı petisiya, yəni imzatoplama kompaniyası keçirilib. Həmin petisiyada yüz mindən artıq insan səs verib. Bu da təbii ki, Amerikanın Xocalı məsələsinə münasibətinə təsir göstərməkdədir. ABŞ Konqresinin Aşağı Palatası sədrinin tövsiyyəsi ilə Xocalı ilə əlaqədar komitədə dinləmələr olub. Bununla belə ABŞ-ın və Konqresin ayrı-ayrı nümayəndələri bu faciə ilə əlaqədar fikirlərini bildiriblər. Həmçinin Çex, Ruminiya, Pakistan, Kolumbiya və Meksika parlamentləri bununla bağlı qərarlar qəbul ediblər. Eləcə də bizə dost olan ölkələrdə, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) qərarlar qəbul edilib. Bu cür ölkələrin sayı durmadan artır. Ötən gün Bosniya və Hersoqovinanın Parlament Məclisi Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb. Burada Parlament qətnamə qəbul edib. Bu qətnamənin birinci istiqaməti odur ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə müdafiə olunur. İkincisi, işğal olunmuş ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması tələb edilir. Burada bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr mütləq yerinə yetirilməlidir. Bosniya və Hersoqovina ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir. Ötən il və bu il Bosniya və Hersoqovinadan nümayəndələr Azərbaycana səfər ediblər. Bu səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Prezident İlham Əliyevin "hücum diplomatiya"sı və apardığı siyasət çox ciddi nəticələr verib. Elə ölkələr vardır ki, onların əlli ilə edə bilmədiklərini ölkə başçısının apardığı siyasət nəticəsində bunu on ilə həyata keçirmişik. Ulu öndər Heydər Əliyevdən başlayan siyasət bu gün uğurla davam etməkdədir. Bir məqamı da qeyd edim ki, Bosniya və Hersoqovinanın Serebnetiçiya şəhərində vaxtikən Balkan müharibələrinin getdiyi dövrdə faciələr törədilib. Həmin faciələr zamanı burada kütləvi qətliam olub. Azərbaycanla Bosniya və Hersoqovina arasındakı əlaqələrə uyğun olaraq Sarayevo şəhərində Xocalı faciəsinə aid abidə kompleksi ucaldılıb. Bu abidənin ucaldılmasında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun göstərdiyi xidmətlər təqdirəlayiqdir.
- Fevralın 26-da Azərbaycanın Fransadakı diasporunun fəal üzvlərinin paytaxt Parisdə, xüsusilə də, parlamentin binasında ermənilər tərəfindən döyülməsini və Fransalı senatorların isə həmin hadisəyə laqeyd münasibət bəsləməsini necə qiymətləndirirsiniz?
- Fransada erməni lobbisinin təsiri altında olan siyasətçilər vardır. Bu siyasətçilər Fransa parlamentində, senatında özlərinə yer tutublar. Həmin siyasətçilər əslində erməni pulu ilə Fransa siyasətində qalmağı bacarırlar və ermənilərin çirkli pulları sayəsində fəaliyyət göstərirlər. Bu cür çirkli pullarla siyasətdə qalan və Fransız xalqının adına uyğun olmayan adamlar vardır ki, onlar ermənilərin çaldıqları havaya oynamaqdadırlar. Bu hadisə də təbii ki, onun bir növüdür. Məqsəd Xocalı soyqırımı kimi qətliamları ört-basdır etmək, işğal olunmuş torpaqlarla əlaqədar erməni təcavüzkarlığını yox etməkdir. Necə deyərlər "oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı". Yəni təcavüzkar bu gün elə danışır ki, guya təcavüzə bu məruz qalıb. Fransada erməni lobbisinin əlinin altında olan bəzi siyasətçilər alət kimi istifadə olunmaqdadır. Belə olan təqdirdə Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq bu məsələyə öz etirazını bildirib. Eləcə də ölkə gəncliyi bu məsələrə etirazını bildirməkdədir. YAP Gənclər Birliyi artıq bununla əlaqədar Fransanın parlamentinə, hakimiyyətinə o cümlədən Fransanın Azərbycandakı səfirliyinə etiraz məktubları göndərir. Fransa özünü demokratiyanın beşiyi adlandıran ölkələrdən biridir. Bəs, budurmu Fransa demokratiyası, Avropa dəyərləri? Biz bütün bunların əleyhinəyik və qətiyyətlə pisləyirik. Hesab edirik ki, Fransa hakimiyyəti bununla əlaqədar ciddi araşdırma aparmalıdır və günahkarlar məhkəmə qarşısına çıxarılmalıdır.
- Rusiyanın dövlət agentliyi "RİA Novosti"də "Dağlıq Qarabağ 25 il ərzində müstəqilliyinin tanınmamasına öyrəşib" adı altında yazı dərc olunub. "RİA Novosti" kimi Rusiya hakimiyyətinin nəzarətində olan agentliyin bu sayaq yanlışlığa imza atmasına münasibətiniz necədir?
- Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfə nota verib. Rusiya tərəfinin təsiri ilə "RİA Novosti"dən həmin material çıxarılıb. Amma çox təəssüflər olsun ki, bu materiallar erməni saytlarında qalıb. Biz bununla öz mövqeyimizi bildirmişik. Hətta bəzən belə bir fikirlər də səsləndirilir ki, "biz bu məsələyə cavabdeh deyilik". "RİA Novosti"nin rəhbərliyində olan şəxslər bu məsələyə anormal yanaşıblar. Hesab edirəm ki, bu Rusiyanın siyasəti ilə uzlaşmayan bir adddım idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB