Müsavat başqanının müşavirindən növbəti təxribat cəhdi

Müsavat başqanının müşavirindən növbəti təxribat cəhdi

Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəran şəhərində böyük ehtiramla yad edilir. Faciənin 21 illiyi ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir və bu tədbirlər zamanı erməni qaniçənlərinin qeyri-insani hərəkətləri, günahsız insanlara, qocalara, qadınlara, uşaqlara qarşı törərdikləri vəhşiliklər qəti şəkildə pislənilir və günahkarlar lənətlənir. Eyni zamanda "Xocalıya ədalət" kampaniyasında lənkəranlı gənclər və ziyalılar yaxından iştirak edib bu dəhşətli faciəyə dünya birliyinin layiqli qiyməti verməsini tələb ediblər.

26 fevral 2013-cü ildə şəhərdə Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə yaradılmış parkda ümumrayon anım mərasimi keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rəsmi şəxslər, kütləvi informasiya vasitələrinin nümayəndələri və minlərlə sakin mərasimdə iştirak edib tarixin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramını nümayiş etdiriblər. İcra başçısı qəmli musiqi sədaları altında, fəxri qaraulun müşayiəti ilə parkdakı "Ana" abidəsi önünə əklil qoyub, iştirakçılar tərəfindən tər çiçəklər düzülüb. Gün ərzində abidə şəhər sakinləri, kənd və qəsəbələrdən gələn vətəndaşlar, din xadimləri, idmançılar və ayrı-ayrı qonaqlar tərəfindən ziyarət olunub.

Faciənin 21-ci ildönümü ilə bağlı tədbirlər və anım mərasimi barədə məlumatlar televiziya kanalları və internet saytları vasitəsilə operativ şəkildə yayımlanıb.

Bütün bunlara baxmayaraq, ağa qara deməyi özünə peşə seçmiş Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov yenə də utanmadan müxtəlif internet saytlarında Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün "Ana" abidəsini ziyarətə gəlmiş insanların polis tərəfindən həbs olunduğu, onlara qarşı qadağalar tətbiq olunduğu barədə tamamilə yalan məlumatlar yaymaqla növbəti dəfə təxribat törətməyə cəhd edib.

Əvvəlcə Yadigar Sadıqovdan soruşmaq lazımdır ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün minlərlə lənkəranlı "Ana" abidəsi önünə toplaşdığı zaman o və onun "məzlum" dindar adlandırdığı bir qrup şəxs şəhərdə qapıları gecə-gündüz açıq olan məscidlərə deyil, restorana niyə gedirdilər?

Əgər restoran sahibi soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərərək həmin dindarlara məscidə getməyi məsləhət bilirsə, bunda dövlət orqanlarının nə günahı var?

Digər tərəfdən Yadigar Sadıqov Lənkəranda Xocalı qatillərinin lənətlənməsinə yasaq qoyulduğunu iddia edirsə, onda özünün şəxsən çəkdiyi və internetdə yaydığı şəkillərdə həmin dindarların "Ana" abidəsi önündə heç bir maneəyə rast gəlmədən, sərbəst şəkildə toplaşaraq "Əllahüəkbər" dedikləri görüntülər nəyi əks etdirir? Əlbəttə, həqiqəti. Yəni, Xocalı qətliamını törədən vəhşi ermənilər və onların havadarları Lənkəranda həmişə lənətlənir. Amma Yadigar Sadıqov bu həqitəti ya dərk etmir, ya da görmək istəmir. Yəqin, bu da onun düşüncə tərzindəki problemlə bağlıdır.

Allah bütün şəhidlərimizi qəni-qəni rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə