Nazir müavini Xələf Xələfov çağırış etdi

Nazir müavini Xələf Xələfov çağırış etdi

BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. XİN-dən SİA-ya verilən məlumata görə, fevralın 25-28-də keçirilən Yüksək Səviyyəli Seqmentin ilk günündə nazir müavini Xələf Xələfov çıxış edib. O, çıxışında Azərbaycanla BMT İnsan Hüquqları Şurası arasında mövcud əməkdaşlıq əlaqələri haqqında danışıb və Şuranın Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan hökumətinin ikinci dövri milli hesabatına 2013-cü ilin 30 aprel tarixində baxılacağını bildirib.

Azərbaycan rəsmisi çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal faktı və onun ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu günlərdə Azərbaycan xalqının dərin kədər və hüzn ilə Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdiyini nəzərə çatdıran nazir müavini X.Xələfov müxtəlif ölkələrdən tədbirdə iştirak edən yüksək vəzifəli şəxslərə Xocalı soyqırımının mahiyyətindən, azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasından bəhs edib və beynəlxalq tanınmanın ədalətə xidmət edəcəyini vurğulayıb. Bu xüsusda nazir müavini Xələf Xələfov İnsan Hüquqları Şurasını Xocalı soyqırımı üzrə faktların baxılması və qiymətləndirilməsi məqsədilə Xüsusi Komissiya yaratmağa çağırıb.

Səfər çərçivəsində Xələf Xələfov Vyetnam Sosialist Respublikasının xarici işlər naziri Fam Bin Min və Özbəkistan Milli İnsan Hüquqları Mərkəzinin sədri Akmal Saidov ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında münasibətlərin mövcud durumu və əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə