YAP Gənclər Birliyi “Xocalı faciəsinin anım” gününü qeyd edib YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin mərkəzi ofisində Xocalı həqiqətlərini gənc nəslə çatdırmaq, onlara erməni cinayətləri haqqında daha müfəssəl məlumat vermək məqsədilə "Xocalı faciəsinin anım" günü qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, deputat Bəxtiyar Əliyev, YAP GB-nın sədri Seymur Orucov və partiyanın aktiv gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Xocalıya ədalət kompaniyası çərçivəsində ölkədə və dünyada bir çox tədbirlər keçirilir. Biz də YAP gəncləri olaraq bu məsuliyyəti dərk edir və bu yöndə işlərimizi davam etdiririk: "Bu gün dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanıdılması istiqamətində işlər aparılır. Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır. Bu Fond yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verib. Bu işdə gənclərin də üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olub, 50 mindən çox adam yaralanıb və əlil olub. 1 milyondan artıq insan öz doğma torpağından didərgin düşərək, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalıblar. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndindəki 36-cı motaatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. Təssüflə qeyd etmək lazımdır ki, dünya ictimaiyyəti buna laqeyd yanaşır. Ancaq Azərbaycan bu faciəni dünya ictimaiyyətinin diqqət mərkəzinə çatdırmaq üçün bütün işləri həyata keçirir".
Daha sonra millət vəkili Bəxtiyar Əliyev çıxış edərək, Xocalı faciəsinin tarixi haqqında gəncləri məlumatladırıb: "Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı".
Xocalı faciəsinə ilk hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini deyən YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, ermənilərin törətdiyi işğal ermənilərin özlərinə qarşı da pis nəticə verməli və Ermənistan bundan nəticə çıxarmalıdır: "Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, baş vermiş cinayətlərin təşkilatçıları öz layiqli cəzasını alacaqlar".
Tədbirin sonunda Xocalıya ədalət adı altında fləşmob keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB