"Türkiyə Sarkisyanın bəyanatını nə tez unudub?"

"Türkiyə Sarkisyanın bəyanatını nə tez unudub?"

"Mən çox təəssüf edirəm ki, Azərbaycana qardaş ölkə olan Türkiyə, düşmən ölkəni təbrik edib. Hələ heç seçkinin nəticələri elan olunmamış, Ermənistanın özündə ciddi qarşıdurmanın olduğu bir dövrdə Türkiyə prezidenti Abdullah Gülün tələskənliyə yol verərək, Ermənistan prezidentini təbrik etməsinin səbəbini cəmiyyət anlaya bilmir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan və konkret olaraq Serj Sarkisyan Türkiyəyə qarşı həmişə aqressiv mövqedə durublar: "Bu insanlar Türkiyənin topraqlarını iddia edirlər, eləcə də onun mədəniyyətini, tarixini mənimsəməyə çalışırlar. Bir sözlə, Türkiyə ilə bağlı mənfi imic yaratmağa çalışırlar. Digər tərəfdən bu gün Ermənistanla Türkiyə arasında heç diplomatik əlaqə yoxdur. Bu tələskənliyin nədən qaynaqlandığı hələ də aydın deyil. Hətta həmin dövlətin özündə buna çox ciddi etirazlar mövcuddur. Hesab edirəm ki, dost, qardaş ölkə bu addımı atmamalı idi. Türkiyə prezidenti Abdullah Gül bir dəfə "Futbol diplomatiya"sı adı ilə Ermənistana getmişdi. İkinci dəfə isə hələ seçki başa çatmamış S.Sarkisyanı təbrik etdi. Məgər, S.Sarkisyanın "Biz Dağlıq Qarabağı aldıq, gələcək nəsillər isə Ağrı dağını almalıdırlar" bəyanatı nə tez unudulub? Hesab edirəm ki, belə məsələlər Türkiyəni düşündürməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə