Aydın Mirzəzadə: “Dünya birliyi Xocalı soyqırımına obyektiv qiymət verməlidir”

Aydın Mirzəzadə: “Dünya birliyi Xocalı soyqırımına obyektiv qiymət verməlidir”

Azərbaycan xalqı Xocalı faciəsini unutmur. Bu bizim qan yaddaşımızdır və nəsildən-nəsilə ötürülür. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə Xocalı faciəsi ilə bağlı görülən işlərə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, işğalçı ölkə tərəfindən xeyli sayda soydaşımızın qətlə yetirilməsi və ermənilərin bununla fəxr etməsi dəhşətlidir, dünya bu soyqırımına reaksiya verməlidir: "Azərbaycan xalqı bunu tək özü yadda saxlamayıb, eyni zamanda dünya səviyyəsində bu məsələ ilə bağlı obyektiv informasiyanın yayılmasına çalışır. Hər il olduğu kimi bu il də bütün dünya ölkələrində Xocalı faciəsi zamanı həlak olan insanların xatirəsi anılır. Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilən tədbirlərin sayı durmadan artır. Dünyanın aparıcı ölkələrində isə bu ildönümü ərəfəsində müxtəlif kinofilmlər, əyani təşviqat vasitələri nümayiş etdirilir. Hətta bir sıra ölkələr ilk dəfə olaraq Xocalı soyqırımını yad etməyə başlayıblar. Amerika (ABŞ) Nümayəndələr Palatasının spikeri bununla bağlı xüsusi göstəriş verib. Eləcə də Amerika prezidentinin rəsmi saytında (Ağ evin saytında) Xocalı ilə bağlı tələb olunan 100.000 (yüz min) səs artıq toplanıb. Fevralın 26-da isə ABŞ prezidenti Barak Obamanın bununla bağlı xüsusi bəyanatı gözlənilir. Bir sözlə Xocalı faciəsi təkcə ölkəmizdə deyil, bütün dünyada yad edilir. Nə qədər ki, dünya erməni təcavüzünə, faşizminə qarşı öz münasibətini bildirməyib, Xocalı faciəsinə obyektiv qiymət verilməyib gələcəkdə həm Azərbaycanın, həm dünyanın bu kimi faciələrdən qurtulma ehtimalı daha az olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə