"Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında beynəlxalq aləmdə Xocalı soyqırımını tanıtmaq üçün çox ciddi iş aparılır. Heydər Əliyev Fondu tərəfindən sayt açılır, mütəmadi olaraq məlumatlar verilir, hətta gənc Azərbaycan xanımı Leyla Əliyeva tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində 40-a yaxın ölkədə sərgilər keçirilir və bu, davam etdirilir". SİA-nın verdiyi xəbərə görə bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Türkiyə səfirliyində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, məhz ölkə başçısının fədakarlığı nəticəsində xarici ölkələr Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayırlar: "Görülən işlər kifayət deyil. Ölkə prezidenti, birinci xanım Mehriban Əliyeva, Leyla Əliyeva və Prezident Administrasiyasının 2-3 şöbə müdiri, Azərbaycan parlamentinin bir neçə deputatı, bir neçə nazir və komitə sədri bu problemi mütəmadi qaldırırlar, bəs qalanları? Bütün nazirlərimiz, məmurlarımız daim xarici ölkələrdə səfərlərdədir. Hansı biri gedəndə çantasına təbliğat materialı qoyub orada paylayır? Hansı biri xarici ölkələrin birinci və digər şəxsləri ilə görüşəndə bu məsələni qaldırır? Öz sahələrinə aid məsələləri müzakirə edirlər, qərarlar qəbul edirlər, bu məsələ qalır kənarda. Bu gün Azərbaycana milyonlarla insan daxil olur, nə üçün hava limanlarının girişi və çıxışında, avtomobil yollarının girişi və çıxışında, yollarda, keçidlərdə, otellərdə fotosərgilərimiz olmamalıdır? Bunu da cənab prezident etməlidir? Əgər biz hesab ediriksə ki bu ümummilli məsələdir, bütövlükdə hamımız bununla məşğul olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB