Amerikanın Azərbaycandakı səfirinin regionlara səfəri başlayıb
Səfirin səfəri başlayıb FOTO

Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın rəhbərlik etdiyi nümayəndə heyətinin bölgələrə səfəri başlayıb. SİA-nın Qərb bürosunun xəbərinə görə, diplomat ilk olaraq Gəncə şəhərində olub.

İcra Hakimiyyəti Aparatında İcra başçısı Elmar Vəliyevlə görüşən Morninqstar iki ölkə əlaqələrinin indiki vəziyyətini müzakirə edib. İqtisadi, aqrar, təhsil və mədəniyyət sahələrində həyata keçirilə biləcək yeni layihələrədən danışılıb. Amerikalı səfir görüşdən sonra KİV-nümayəndələrinə açıqlamalar verib.

"Gəncə şəhərində olmaqdan çox məmnunam, olduqca gözəl, füsünkar şəhəriniz var. Tarixi qədim bir şəhərdir. Sizin merlə çox gözəl görüş keçirdim və bir sıra layihələr ətrafında fikir mübadiləsi apardıq. Biz çox gözəl anlayırıq ki, Gəncə Azərbaycanın ən önəmli şəhərlərindən biridir. Birləşmiş Ştatlarda təhsil alan çox sayda gəncəli tələbələr var" - deyə səfir sözlərinə əlavə edib.

Qeyd edək ki, İcra Aparatında təşkil olunan görüşdən sonra diplomat Amerika Sülh Korpusunun Könüllüləri ilə görüşüb, Xan Bağını, Cavad Xanın və Nizami Gəncəvinin məqbərələrini ziyarət edib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə