Salyanda YAP fəalları ilə görüş olub

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov bu gün Salyanda partiyanın rayon fəalları ilə görüş keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, səfər görüşlərində icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.

Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, millət vəkili Siyavuş Novruzov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, rayon fəalları və media nümayəndələri iştirak ediblər. "Kür" oteldə təşkil olunan tədbirdə YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək bildirib ki, partiyanın rayon təşkilatının 6588 nəfər üzüvü var. Bunlardan 2710 nəfəri gənclər, 2030 nəfəri isə qadınlardır. Rəşad Cəbrayılov rayon təşkilatının fəaliyyəti barəsində qısa məlumat verib.

Daha sonra çıxış edən Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycan Respublikası dinamik iqtisadi inkişaf dövrünü yaşayır. 10 il öncəki dövrlə müqayisədə büdcəmiz 25 dəfə artaraq 25 milyard olub. Bu rəqəmin arxasında böyük zəhmət, müdrük zəkanın dayandığını vurğulayan icra katibi Azərbaycanın dünyada nüfuzunun, gücünün artmasını xüsusi vurğulayıb: "Ona görə də insanlarımızın həyat səviyyəsi gündən-günə yüksəlməkdədir. 20 yaşlı gənc dövlətimiz artıq dünyada əzəmətli, qüdrətli dövlət imicini yaradıb. Əldə olunmuş bu nailiyyətlər ulu öndər Heydər Əliyev siyasətini inamla həyata keçirən prezident İlham Əliyevin davamlı, düzgün fəaliyyətinin nəticəsidir. Odur ki, bu inkişafın davamlı olması üçün xalqımız, eləcə də salyanlılar gələn 5 il üçün də ölkəmizin taleyini birmənalı olaraq İlham Əliyevə etibar etməkdə qərarlaşıblar. Biz partiya olaraq seçkidə milli sərvətimiz olan gənclərimizə diqqət göstərilməli, qayğıları ilə maraqlanmalıyıq. Seçkidə gənclər seyirçi kimi yox, fəal iştirakçı kimi öz mövqelərini ortaya qoymalıdırlar. Eyni zamanda qadınlarımız, analarımız bu siyasi prosesdə fəal iştirak etməlidirlər. Mən əminəm ki, sürətlə inkişaf edən, simasını dəyişən Salyan rayonunda YAP-ın fəalları öz gücünü, intellektini ortaya qoyaraq İlham Əliyevin möhtəşəm qələbəsini təmin edərək Azərbaycan prezidenti seçəcəklər".

Daha sonra görüşdə YAP Salyan rayon təşkilatının Qadınlar Şurasının sədri Fatma Səmədzadə çıxış edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə