Politoloq : “Ermənistanın siyasi həyatında ziddiyətli vəziyyət yaranıb”

Politoloq : “Ermənistanın siyasi həyatında ziddiyətli vəziyyət yaranıb”

"Ermənistanda keçirilən prezident seçkilərində demokratiyanın heç bir izi olmadı". SİA-nın verdiyi xəbərə görə, bunu politoloq Fikrət Sadıqov Cənubi Qafqaz politoloqlarının keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanın siyasi həyatında çox ziddiyətli vəziyyət yaranıb: "Beynəlxalq təşkilatlar hesab edir ki, seçkilərdə o qədər də saxtakarlıq baş verməyib. Ancaq seçkiləri Ermənistan siyasətçilərinin, jurnalistlərinin gözü ilə qiymətləndirmək daha dəqiq olardı. Çünki siyasətçilər, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri seçkilərlə bağlı çox sərt bəyanatlar verdilər, digər tərəfdən Ermənistanda ciddi etirazlar var və xalq seçkinin nəticəsi ilə razılaşmır. Bu məsələdə beynəlxalq təşkilatların qeyri-obyektiv mövqeyi ilə rastlaşırıq. Serj Sarkisyanın yenidən hakimiyyətə gəlməsi çox asan başa gəldi. Çünki onun bütün rəqibləri seçkilərə qədər aradan götürülmüşdü. Onların arasında güclü rəqib yox idi və Sarkisyan imkanlarından istifadə etməklə yenidən prezident seçildi".

Həmçinin politoloq qeyd etdi ki, Sarkisyandan Dağlıq Qarabağ məsələsində də heç bir irəliləyiş gözləmək olmaz: "Sarkisyan bir sıra böyük dövlətlərin, o cümlədən Rusiyanın dəstəyini aldı və bu baxımdan belə düşünmək olar ki, bir sıra böyük dövlətlər onun mövqeyini dəstəkləyir. Buna görə də Sarkisyan özündə əminlik hiss edərək heç bir konstruktiv addım atmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə