Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının yaradılmasının 20 illiyinə həsr olunan yubiley konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə YAP rayon təşkilatının 20 ildə (21.02.1993- 21.02.2013) keçdiyi şanlı yol haqqında məruzələr dinlənilib.
YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli və çətin inkişaf yolundan danışıb. O bildirib ki, bu gün 20 illik yubileyini qeyd etdiyimiz təşkilatımız 1993-cü ildə Azərbaycan siyasi böhran keçirdiyi bir vaxtda ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Cəmiyyətin demokratik qüvvələri, ziyalıları və bütövlükdə Azərbaycan xalqı öz istəklərindən daha qabağa gedərək, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, onun adı ilə bağlı, böyük bir siyasi partiyanın yaradılmasını zəruri hesab edirdilər".
Ümummilli Lider Heydər Əliyevin partiyanı yaradarkən qarşılaşdığı çətinlikləri xatırladan təşkilatın sədri vurğulayıb ki, Ulu Öndər təzyiqlərə, təhdidlərə baxmayaraq partiyanı yaratmağa nail oldu: "Heç bir insan, siyasətçi, belə bir çətin şəraitdə, istər bəzi adamların təzyiqi, istərsə də sərt keçən qışa, dondurucu soyuqlara dözüb bu vəzifəni yerinə yetirə bilməzdi. Heydər Əliyevin belə bir şəraitdə partiyanı yaratması onun nə qədər dahi bir insan olduğunu bir daha təsdiqlədi".
Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qeyd edib ki, YAP-ın 20 illik tarixi Azərbaycanın müasir tarixinin şərəfli bir salnaməsini təşkil edir: "Partiyanın 20 illik tarixi Azərbaycanın inkişafının, müstəqilliyinin formalaşmasının, müstəqil Azərbaycan dövlətinin qurulmasının tarixidir. 20 il ərzində əldə etdiyimiz nailiyyətlər kifayət qədər çoxdur. Bizim ən böyük nailiyyətimiz yeni bir Azərbaycanın qurulmasından ibarətdir. Bu yeni Azərbaycanın parametri təkcə iqtisadiyyatımızın yüksəlməsi demək deyil, insanlarımızın rifahı yaxşılaşıb, Azərbaycanın qüdrəti artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Yaşadığımız yeni Azərbaycanın ən mühüm səciyyəvi cəhət ondan ibarətdir ki, ölkəmiz özünə inamı artıraraq daha inamlı dövlətə çevrilib. Bütün bunlar hamısı Heydər Əliyev siyasətinin sayəsində Azərbaycanda əldə olunan uğurlar, nailiyyətlərdir. Bu uğurlar bütövlükdə YAP-ın yaşadığı 20 illik tarixin başlıca qayəsi, məzmunundan ibarətdir".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov isə bildirib ki, sevindirici haldır ki, ) Səbail rayon təşkilatının ilk təsis konfransı məhz bu universitetdə keçirilib: "YAP-ın nüfuzunun artmasının əsas səbəblərindən biri Ulu öndər Heydər Əliyevin partiyaya rəhbərlik etməsindən irəli gəlirdi. Partiyanın tərkibində müxtəlif təbəqələrdən olan insanların olması da bu inkişafa öz töhfəsini verir".
Qeyd edək ki, tədbirin davamında YAP-a yeni qəbul edilmiş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib. Mərasimin sonunda tədbir iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB