Oraq və çəkicsiz kommunistlər

Fransızlar dünya inqilablarına əvəzsiz töhfələr verən bir xalq kimi tanınsalar da hər zaman yaratdıqlarına yaradıcı yanaşmadan da özlərini məhrum etməmişlər.. SİA-nın məlumatına görə bu fikirləri millət vəkili Zahid Oruc sosial şəbəkədəki hesabında paylaşıb.

Vaxtilə fransız utopik sosialistləri burjuaziyaya qarşı mübarizənin əsas idologiyasını formalaşdırmaqda mühüm əsərlərini ortaya qoymuş, marksizmin mənbəyi rolunda çıxış etmişdilər. Sen Simon və Şarl Furyenin adı əbədi olaraq proletariatın tarixi mübarizəsinin gedişinə təsir göstərən mütəfəkkirlər olaraq qalacaqdır. Sinfi mübarizə özünün bütün başqa cəhətləri ilə yanaşı, həm də simvolları ilə fərqlənirdi. Proletariatın və bütün əzilən siniflərin oraq və çəkicli inqilabı Oktyabr çevrilişi və sovetlər birliyinin yaradılmasının başlıca atributuna çevrilmişdi.

Budur, üstündən yüz il keçəndən sonra fransız kommunistləri oraq və çəkicdən imtina etmək qərarına gəlmişlər. Kommunist Partiyasının katibi Pyer Loran hesab edir ki,artıq mövcud siyasi şəraitdə təmsil olunduqları siyasi qüvvənin ideyalarının ifadəsi üçün əvvəlki simvollara ehtiyac yoxdur. Yəni,ənənəvi silahları bundan sonra yalnız beşguşəli ulduz əvəz edəcəkdir. Əslində Pyer haqlıdır.Müasir avropalı fəhlə və kəndlinin siması,əmək alətləri və həyata baxışı keçmiş kommunistlərdən çox fərqlidir.

Marksist təliminin əsasını təşkil edən istismarçı siniflərlə müqayisədə bu gün Fransa işçisi ən üstün hüquqlardan yararlana bilir. Almaniyada həftəlik 30 saatlıq iş rejiminə keçid yolunda islahatlar həyata keçirilir. Onların həmkarlar birliyi real qüvvə olaraq cəmiyyəti yedirdən və ayaqda saxlayan əsas istehsalçıların mənafelərini qorumağa çalışır. Ona görə də Leninin oraqlı bolşeviklər ordusu artıq 21ci əsrin mülkədarlarına çevrilmişlər. Onlar sinfi silahları vaxtilə düşmənlərə qarşı çevirsələr də indi özləri fəhlə hərəkatlarından xeyli uzaqlaşmışlar. Kommunistlərin itirdikləri ilə qazandıqlarını qətiyyən müqayisə etmək mümkün deyil. Onlar SSRİ adlı bir imperiya ilə vidalaşsalar da Çin kimi dünyaya meydan oxuyan milyard üçyüzmilyonluq nəhəng bir məkan hələ qalmaqdadır.

Lakin yeni əsrin kommunistinin oraq və çəkicli obrazı onların dünyəvi missiyasına töhfə verə bilmir.İndi fəhlə və kəndlini birləşdirən alət və inqilabi simvollar qızılgüllər, zambaqlar, narıncı rənglər və təbiət fəsilləridir ki,bunlar da hələ heç bir məzlum sinfi sonadək ədalətə və ideallarındakı quruluşa qovuşdura bilməyib.

"Çəkici bir yerə vurmağın ağrısı" hələ sovet xalqlarının canından çıxmayıb.İndi hərənin öz gerbi və himni var!

Bütün xəbərlər Facebook səhifəmizdə