Elman Nəsirli: “Ermənistan-Abxaziya dəmir yol xətti açılsa...” MÜNASİBƏT

"İşğalçı dövlətin iqtisadi baxımından mövqeləri yaxşılaşa bilər"

Bu bir həqiqətdir ki, Ermənistan dövləti həyata keçirdiyi bütün aqressiv siyasət nəticəsində özünü blokada vəziyyətinə salıb. Çox təəssüflər olsun ki, bu qondarma dövlətin aqressiv hərəkəti hələ də davam edir. Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Ermənistan üçün əhəmiyyətli olan Abxaziya dəmir yolu xəttinin açılmasına münasibət bildirərkən deyib.

Elman Nəsirli məlumatına görə, Ermənistanın blokadasını şərtləndirən digər amil budur ki, adıçəkilən dövlətin Rusiya ilə sərhədləri yoxdur, əksinə Gürcüstanla həmsərhəddir: "Məlumdur ki, Gürcüstan prezidenti Mixeil Sakaşvilinin Rusiya ilə münasibətlər kifayət qədər gərgin olub. Lakin Bidzina İvanişvili Gürcüstanın baş naziri seçildikdən sonra bu əlaqələrə yeni baxış tendensiyası müşahidə olunur. Bununla belə B.İvanişvili Ermənistana səfəri zamanı bildirib ki, Ermənistanla Rusiya arasında Abxaziyadan keçən dəmiryol əlaqəsi yenidən qurulacaq. Gürcüstanın yeni baş naziri xeyli müddətdir ki, istifadəsi dayanan həmin dəmir yolu xəttinin bərpasına səy göstərir. Bu isə o deməkdir ki, həmin layihənin reallaşması Ermənistanı düşdüyü blokada vəziyyətindən çıxaracaq. Məlumdur ki, Ermənistanın yalnız İran dövləti ilə 35 kilometrlik ərazidə əlaqələri mövcuddur və bu dövlət vasitəsilə də dünyaya çıxış əldə edir. Hazırda isə fərqli tendensiya özünü göstərir".

Politoloq hesab edir ki, əgər bu layihə reallaşarsa, işğalçı dövlətin iqtisadi baxımından mövqeləri yaxşılaşa bilər: "Düşünürəm ki, Gürcüstan dövləti Azərbaycanla strateji tərəfdaşdır. Belə olan təqdirdə həmin dövlət atdığı hər bir hərəkətə görə, bu reallıqları nəzərə almalıdır. O reallıq ki, işğalçı Ermənistan hələ də Azərbaycanın iyirmi faiz torpaqlarını işğal altında saxlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə