“Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək”
Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi tövsiyələri, tapşırıqları və xəbərdarlıqlarını çox yüksək qiymətləndirirəm. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, bu, Azərbaycanın həm sosial-iqtisadi həyatını yeni mərhələsinin, həm də ictimai–siyasi, sosial münasibətlərin, insanlar arasında davranış formalarını, məmurla vətəndaş arasındakı münasibətlərin, mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində işlərin yeni bir proqramının cızılması kimi dəyərləndirilməlidir: "Cənab prezident İlham Əliyevin giriş nitqində və çıxışçıların öz sahələrində gördüyü işlərə dair hesabatlarından da göründü ki, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çox uğurla həyata keçirilir. Bu proqram Azərbaycanın son 10 ildəki həyatının, inkişafının ümumi mənzərəsini əks etdirir. 2004-cü ilin fevralında ilk dəfə regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması üçün cənab Prezident tərəfindən sərəncam veriləndə çoxları idarəçilik sistemində yeni modelin işləyib-işləməyəcəyi barədə fikirləşirdi. Amma bu gün istənilən mövcud inkişaf Azərbaycan vətəndaşı üçün reallıqdır. 2004-cü ildə Proqram qəbul olunanda işsizliyin aradan qaldırılması üçün qarşıya müəyyən hədəflər qoyulmuşdu. Birinci beşillik Proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin oldu. 600 mindən çox iş yerləri açılıb ki, bu Azərbaycan Prezidentinin 2004-cü ildə bəyan etdiyi hədəflərə çatdığının bariz nümunəsidir. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı və pensiyanın miqdarı 10 dəfə artıb. Dövlət büdcəsi 2000-ci ildən bu günə qədər 25 dəfə artıb. Bundan əlavə birinci proqramda infrastrukturun formalaşması nəzərdə tutulurdusa, ikinci proqramda əsasən iş yerlərinin açılması və yeni məşğulluq sahələrinin təmin olunması nəzərdə tutulurdu. Artıq üçüncü proqramda Azərbaycan insanının yeni sosial dəyərlər səviyyəsində yaşaması nəzərdə tutulur. Artıq Azərbaycan qarşıya məqsəd qoyub ki, 2023-ci ildə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB