"İP-in ictimai rəyə təsir imkanları sıfıra bərabərdir"

İctimai Palata ictimai qınaq ən yüksək həddə çatanda özlərini ictimai qınaqdan kənarda qoymaq məqsədi ilə "Daş yuxuların" zərərli olduğu barədə fikirlər söylədilər. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, ictimai qınaq ən yüksək həddə çatana qədər radikal müxalifət partiyaları və Əkrəm Əylislinin də üzvü olduğu "Ziyalılar Forumu" "Daş yuxular" əsərinə vaxtında və adekvat reaksiya vermədilər: "Özlərini milli və vətənpərvər adlandıran radikal müxalifət dairələri göstərdi ki, bu kimi məsələlər heç də onlar üçün milli maraqlar baxımından önəmli deyil. Onlar üçün özlərinin qrup və partiya maraqları daha önəmlidir"

Millət vəkili İP-in Əkrəm Əylislinin ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeyd-şərtsiz tanımasına dair verdiyi bəyanata da münasibət bildirib: "Azərbaycan Respublikasında heç bir insanın söz və ifadə azadlığı pozulmur. Əksinə Konstitusiya ilə qorunur. Əkrəm Əylislinin bir yazıçı kimi öz əsərini yazmaq hüququ varsa, hər bir Azərbaycan vətəndaşının da oxucu kimi öz fikrini söyləmək hüququ var. Bu əsərə qarşı ölkə vətəndaşları öz fikirlərini bildirdilər. Bu fikirlər etiraz və tənqid formasında olsa da sivil qaydaları keçmədi. Çünki Azərbaycanda insanlar öz fikirlərini azad şəkildə ifadə edirlər. Buna görə də hər bir oxucunun da yazıçıya münasibətini bildirmək formaları var. İnsanlarımız da Ə.Əylisliyə öz etirazlarını bildirdilər. Bu da bir daha Azərbaycan da demokratiya və söz azadlığının hansı səviyyədə olmasını göstərdi. İP-in bəyanatına gəlincə isə bu qrum nə ictimai rəyi ifadə etmir, nə də Azərbaycan haqqında fikir formalaşdırmır. İP təmsilçiləri belə bəyanat verməklə guya özlərinin də xalqdan olduğunu göstərmək istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə