Novruz Məmmədov: "Füle Azərbaycana qarşı dəfələrlə qərəzli bəyanatlar verib"

Novruz Məmmədov: "Füle Azərbaycana qarşı dəfələrlə qərəzli bəyanatlar verib"

"Bütövlükdə götürəndə "İsmayıllı hadisələri"nə görə həbs olunan İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı son zamanlar bir neçə bəyanat olub. Həm Avropa İttiqafının, həm Avropa Şurasının müxtəlif strukturlarının rəhbərləri, həm də Avropanın bir sıra kütləvi informasiya vasitələri bununla bağlı münasibət bildiriblər".

SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) rəhbərinin müavini Novruz Məmmədov məlum "İsmayıllı hadisələri"nə görə haqlarında iki aylıq həbs-qətimkan tədbiri seçilən "REAL" Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyasının başqanı müavini Tofiq Yaqublu barəsində Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin, Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın bəyanatlarına münasibətini bildirərkən dilə gətirib.

"Biz artıq bu proseslərin xarakterini bilirik. Belə bir məsələ olub, var, ancaq əslində bu məsələ hələ bitməyib", - deyən PA rəsmisinin sözlərinə görə, İsmayıllıda baş verən proseslər zamanı adları çəkilən şəxslər yanvarın 24-də həmin rayona gedərək, orada yerli əhalini, vətəndaşları müəyyən mənada hakimiyyət orqanlarına tabe olmamağa, "etiraz" aksiyasını gücləndirməyə, sabitliyi pozmağa yönəlmiş çağırışlar ediblər və nəticədə də bu "fəaliiyətləri"nə görə saxlanılıblar.

"Ancaq bu adamlar haqqında hələlik tam, qəti məhkəmə qərarı yoxdur. Onlar sadəcə, iki aylıq həbsdədirlər və həmin şəxslərlə bağlı təhqiqat-istintaq araşdırmaları aparılır. Düşünürəm ki, yalnız bu araşdırmalardan sonra nəticədə onların fəaliyyəti barədə hüquqi qiymət veriləcək. Bu da, ümumiyyətlə, dünyada mövcud olan qanunvericilik prosesidir. Əslində isə Avropa İttifaqına üzv olan ölkələrin özündə gündə onlarla belə, hətta, bundan da kobud hadisələr olur. İnsanları tuturlar da, həbs edirlər də, amma heç kim onların heç biri haqqında bir söz belə etmir, dinmir, danışmır. Ancaq Azərbaycana gələndə bunların sanki dilləri, gözləri açılır. Onu da deyim ki, Azərbaycanla bağlı belə halların, reaksiyaların olması prinsip etibarı ilə normal sayıla bilərdi. Amma biz bunları normal saymırıq. Ona görə ki, bu, olsun, "Blomberq", bu, olsun "Nyu-york tayms", bu, yaxud, cənab Yaqland, xüsusilə, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı və Azərbaycana qarşı öz "məhəbbəti" ilə seçilən cənab Füle olsun, onlar heç bir vaxt Azərbaycanda gedən böyük, müsbət proseslər haqda bir cümlə belə deməyiblər",- deyə Novruz Məmmədov fikirlərinə əlavə edib.

Prezident Administrasiyasının rəhbərinin müavini onu da vurğulayıb ki, Fülenin bu günə kimi Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesi, münaqişənin beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həlli barədə bir dənə olsun belə, bəyanatını tapa bilməzsiniz: "Yaxud, bir milyondan artıq qaçqın-məcburi köçkünlər, Xocalı soyqırımı barədə onun bir dənə bəyanatını tapsanız, gəlin, deyin ki, Novruz müəllim bu adam düz deyir - bunu da deyir, bunu da deyir. Amma bu, belə deyil. Bu şəxs yanvar ayının ortalarında Ermənistanın parlamentinin spikeri ilə görüşüb. Həmin görüş zamanı Ermənistanın spikerinə onun hansı məsləhətləri verdiyini oxuyun və görün ki, həmin şəxs Ermənistan-Rusiya münasibətləri haqqında nələr deyir. Bizə isə tamam başqa formada bəyanatlar verir və bizim qonşu dövlətlərlə münasibətlərimzi də tamamilə başqa cür görür. Yəni, biz artıq görürük ki, cənab Fülenin bu ölkələrdə gedən proseslərə münasibəti tam fərqlidir və fəqrlilikdən daha çox qərəzlidir. Bunu da haradasa müəyyən mənada başa düşmək olar. Çünki Avropa İttifaqı bu gün dərin iqtisadi-maliyyə böhranı içərisindədir və belə böhranlar olanda adətən o qurumlar, o dövlətlər aqressivləşirlər, atdıqları addımların tam mənada məsuliyyətini, nəticəsini görə bilmirlər..."

N.Məmmədov onu da xatırladıb ki, S.Füle birinci dəfə deyil ki, belə bəyanatlar verir, o Azərbaycana qarşı dəfələrlə bu cür qərəzli bəyanatlar verib.

N.Məmmədovun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında son illər yüksək əməkdaşlıq ortada ola-ola, həmçinin, cənab Fülenin özünün bunları bilə-bilə belə addımlar atması, həmin şəxsin addımlarının heç də səmimi və xoşməramılı olması haqda mesaj döndərmir: "Ona görə cənab Füle onu da bilməlidir ki, onun addımları Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa kölgə sala bilər..."

Bütün xəbərlər Facebook səhifəmizdə